Muarem Muarem: Avropa Liqasında daha yaxşı oynayacağıq
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirilmiş cavab oyunundan (1:1, ilk oyun 0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Cavab matçını necə dəyərləndirərdiniz?
- Qol buraxanda İtaliya "İnter"inə qarşı oyunumuzu xatırladım. Amma bu, tamamilə fərqli vəziyyətdir. "Qarabağ" ilk dəfə ÇL-in pley-offuna vəsiqə qazana bilərdi. Eyni zamanda Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmiş olacaqdıq. Amma biz Avroliqa barədə yox, ÇL-in qrupuna çıxmaq haqda düşünürdük. Yaxşı oynadıq. Sadəcə, rəqib ələ düşən yeganə şansdan maksimum yararlanmaqla yolumuzu kəsdi.
- Qol epizodlarını boşa verdiyiniz anlarda belə acı sonluqla üzləşəcəyinizi düşünmürdünüz?
- Xeyr, qol buraxacağımızı düşünmürdüm. Əksinə, daha bir qol vurub, qələbə qazanacağımızı gözləyirdim. Amma şansları əldən verdik. Sən qol vurmayanda, sənə qol vuracaqlar. Futbolun yazılmamış qanunudur bu. "Viktoriya"nın qol vurduğu epizodu heç qol epizodu da adlandırmaq olmaz. Yəqin ki, belə qismət imiş.
- Birinci hissədə sizin ötürmənizi Riçard Almeyda boş qapıya göndərə bilmədi...
- Həmin anda da qol olacağını düşünürdüm. Mişelin, Kintananın da fərqlənmək üçün şansları var idi. Yararlana bilmədik.
- "Qarabağ"a nə mane oldu: təcrübəsizlik, ya ustalıq səviyyəsi?
- Ələ düşən şanslardan yararlanmaq lazım idi. Bu qədər qol epizodunu boşa verirsənsə, təbii ki, acısını çəkməlisən. Qələbəni əldən vermək çox üzücüdür. Bu oyunu necə unudacağıq, bilmirəm.
- "Qarabağ" Avropa Liqasının da qrup mərhələsinə düşə bilməsə, bunu uğursuzluq saymaq olar?
- Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Viktoriya"ya qarşı oynadığımızdan daha yaxşı mübarizə aparacağıq.
- Qurban Qurbanov oyundan sonra nə dedi?
- Bizi oyuna görə təbrik etdi və bildirdi ki, hər biriniz xarakter göstərdiniz, mübarizə apardınz.
- Zamanı geri çəkmək mümkün olsaydı, turu adlamaq üçün nə edərdiniz?
- Bugünkü kimi oynayardıq. Sadəcə, qol şanslarını dəyərləndirməliydik.
