Qurban Qurbanov: Ən çox buraxdığımız qola təəsüflənirəm
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qarabağ" - "Viktoriya" görüşündən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan (ilk matç 0:0) sonra öncə bunları söyləyib:
- Qələbə qazanmaq istəyirdik. Futbolçuların hər birindən razı qaldım. Hər birimiz qalib gəlmək istəyirdik. Sonuncu dəfə stadionun nə vaxt belə tam dolduğunu xatırlamıram. Onların hamısına dəstəyə görə təşəkkürümü bildirirəm. Təəssüf ki, futbolda bəzən düşünmədiyin, gözləmədiyin hadisələr baş verir. Nəticəyə görə çox məyusuq.
- Elvin Yunuszadə ilə Əlhərbi Əl Jadeyui əvəzetmələrini səhv hesab etmirsiniz?
- Xeyr, belə düşünmürəm. Rəqib uzun ötürmələrdən istifadə edirdi. Bu üzdən də Riçardı Elvinlə əvəzlədik. O, özü də əvəzlənməsini xahiş etdi. Muaremlə Dani də çox yorulmuşdu. Oyunun gedişatına əvəzetmələrin təsiri olduğunu düşünmürəm. Təbii ki, belə olacağını bilsəydim, başqa addımlar atardım. Amma oyunun gedişi bu əvəzetmələri tələb edirdi.
- Avroliqanın pley-offunadək bərpa olmaq olacaq?
- Çalışmalıyıq ki, buna nail olaq. Başqa çıxış yolumuz yoxdu. Əks halda məğlub olmuş olarıq.
- İtaliya "İnter"i ilə oyun daha təsiredici idi, yoxsa "Viktoriya"ya qarşı?
- Qismətimiz bu imiş. Gəlin yaxşı xatirələri yada salaq. İnamımızı itirməməliyik.
- Mərhələ adlamamağınızın sirri istədiyiniz transferləri reallaşdıra bilməməyinizdi?
- Transfer etməyi həmişə istəmişik. Baş tutsaydı, heç kim deyə bilməz ki, bu axşam daha yaxşı olardı, yoxsa pis. Əsas məqsədimiz heyəti qorumaq idi. Həm də bizdən asılı olmayan nüanslar da var.
- Sizi bu gün ən çox təəssüfləndirən nə oldu?
- Təəssüflənəsi çox şey var. Təkcə Mişelin epizodunu fərqləndirməzdim. Amma ən çox bizi pley-offdan məhrum edən qola təəssüflənirəm.
- Bəlkə çempionatımızın zəifləməsinin cəzasını çəkirsiniz?
- Azərbaycan və Çexiya çempionatını müqayisə etmək olmaz. Bunun da oyuna təsiri oldu. Razıyam ki, çempionatımız güclü olsa, biz də artırmış olarıq.
