Roman Pivarnik: Müəyyən qədər bəxtimiz də gətirdi
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qarabağ" - "Viktoriya" görüşündən sonra Çexiya çempionunun baş məşqçisi Roman Pivarnik mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdən sonra plzenlilərin çalışdırıcısı bunları söyləyib:
- "Qarabağ"ın bizə rəqib olduğunu bildikdən sonra necə çətin oyunlar keçirəcəyimizin fərqində idik. Bu barədə yetirmələrimə də məlumat vermişdik. Oyunboyu rəqibin əks-hücumlarını diqqət mərkəzində saxlayırdıq.Müdafiədəki səhvimizdən "Qarabağ" istədiyi qolu vura bildi. Hesabı açmaq istəyirdik. Ancaq qapımızda qol buraxdıqdan sonra da səbrli olduq. Bilirdik ki, 1 dəfə fərqlənə bilsək, istəyimizə çatacağıq. Bunu da bacardıq. 60-cı dəqiqədən etibarən hücuma atıldıq və istəyimizə çatdıq.
- Nəticə oyuna görədir?
- Fikrimcə, ədalətli idi. İlk oyunda da, cavab qarşılaşmasında rəqibi müdafiə olunmağa məcbur etdik. Hesab edirəm ki, bu nəticəni haqq etmişdik.
- Amma "Qarabağ" xeyli qol vəziyyətindən yararlana bilmədi. Bəlkə sizin bəxtiniz gətirdi?
- Bəli, müəyyən mənada bəxtimiz gətirdi.
- "Qarabağ"dan bu cür oyun, belə atmosfer gözləyirdiniz?
- Fantastik ab-hava var idi. Əla futbol axşamı oldu. Sevinirəm ki, bu cür güclü rəqibə qalib gələ bildik.
