Zaur Həşimov: 8 klublu çempionatın iştirakçısından ÇL-in qrupunda oynamağı tələb edirik
"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la "Viktoriya" arasındakı cavab oyununda komandamızın şanslarını necə görürsünüz?
- Səfərdəki heç-heçə pis nəticə deyil. Amma bu, həm də cavab oyunu üçün məsuliyyəti daha da artırır. Çətin oyun olacaq. "Qarabağ" ilk növbədə qol buraxmamaq barədə düşünməlidir.
- Sizcə, "Qarabağ" evdə necə oynamalıdır?
- İstənilən halda "Qarabağ"ın mərhələ keçəcəyinə inanıram. Necə oynamalı olduqlarını özləri daha yaxşı bilirlər. Avrokuboklarda böyük təcrübələri var. Məncə, ilk növbədə tələsməmək lazımdır. Soyuqqanlı davranmaq lazımdır.
- "Qarabağ"ın hücum xəttinin dişsiz olduğuna dair fikirlərlə razısınız?
- Mən belə düşünmürəm. Sadəcə, "Qarabağ"ın öz çempionatımızda rəqiblərinə 3-5 qol vurmasına alışımışıq. ÇL-in təsnifat mərhələsi Azərbaycan çempionatı deyil. Rəqiblər çox güclü, təcrübəli komandadır. "Viktoriya"nın futbolçuları Avropa çempionatında çıxış edirdilər. "Qarabağ"ın hücum xəttinə gəlincə, Reynaldo hər iki cinahda oynaya bilir. O, əvvəllər də belə az oynamayıb. Qurban Qurbanov Mahir Mədətova da güvənir. Vüqar Nadirov hələ komandaya yeni qoşulub. Təcrübəli futbolçu olsa da, toplanış zamanı komanda ilə birgə olmayıb. Əmnəm ki, imkan düşən kimi, baş məşqçi ona da şans verəcək.
- Artıq belə fikir formalaşıb ki, "Qarabağ" əvvəlki "Qarabağ" deyil...
- "Xəzər Lənkəran", "Rəvan" kimi yarıcan komandalara qarşı oynamağın təsiri olmalı idi. Bu mövsüm ümumiyyətlə 8 komandalı çempionatımız olacaq.
- Sizə elə gəlmir ki, Ağdam klubuna təcrübəli hücumçu lazımdır?
- Yeni transferə istənilən halda ehtiyac var. Hətta baş məşqçi də açıqlamalarına yeni futbolçu axtardıqlarını deyir.
- Sizcə, "Qarabağ" çexləri də keçsə, ÇL-in qrup mərhələsinə vəsiqə qazana biləcək?
- Hazırda əsas məsələ "Viktoriya" səddini aşmaqdır. Bu, ən azından Avropa Liqasının qrup mərhələsində oynamağımızı təmin edəcək. "Qarabağ" mütləq ÇL-in qrupunda oynamalıdır" kimi fikirlərlə isə razı deyiləm. Biz etiraf etmək istəməsək də, futbolumuz zəifləyir. 8 komandalı çempionatın təmsilçisindən ÇL-in qrupunda oynamağı tələb edirik. "Qarabağ"ın, "Qəbələ"nin hazırda əldə etdiyi nəticələrin özü də bizim üçün böyük uğurdur.
