Branislav Çervenka: Bu iki oyunçuya boş zona versə, Viktoriyaya Bakıda çətin olacaq
"İnter"in sabiq çexiyalı yarımmüdafiəçisi Branislav Çervenkanın azerisport.az saytına müsahibəsi
- "Qarabağ" ÇL-in üçüncü təsnifat mərhələsində ölkənizi təmsil edən "Viktoriya" ilə səfər oyununda qolsuz heç-heçəyə nail oldu. Sizcə, ilk oyundakı nəticə ağdamlıların xeyrinədir, ya həmyerlilərinizin?
- Heç-heçə "Qarabağ" üçün yalnız o halda uğurlu nəticə sayıla bilərdi ki, qolsuz olmasın. Cavab oyununda istənilən qollu heç-heçə "Viktoriya"nın işinə yarayacaq. Maraqlı cavab matçı gözləyirəm. Plzendəki ilk oyuna baxdım. "Qarabağ" Çexiyada heç də pis təsir bağışlamadı. Fikrimcə, şanslar hələ də bərabərdir.
- Sizcə, hansı komanda mərhələ adlayacaq?
- Hər şey "Viktoriya"nın Bakıda qol vurub-vurmamasından asılıdır.
- "Viktoriya"nın hansısa zəif cəhətləri varmı?
- Demək çətindir. Təcrübəli komandadır. Amma məncə, Qurban Qurbanov rəqibi yaxşı analiz edib və onların zəif cəhətlərini bilir. Onların hücumlarının qarşısını almaq, qol vurmağa imkan verməmək çox vacibdir. Qonaqlar qol vursa, "Qarabağ"a çox çətin olacaq.
- Sizcə, "Qarabağ"ın heyətində "Viktoriya" üzərində qələbə qazandıra biləcək futbolçular var?
- Reynaldo ilə Dani Kintananın oyunu şəxsən mənim çox xoşuma gəldi. Onlar istənilən rəqib üçün təhlükəli oyunçulardır. Onlara sərbəst zona vermək olmaz. "Viktoriya" bu iki oyunçuya boş zona versə, bundan yararlanacaqlarına şübhəm yoxdur. Həm də "Qarabağ"ın azarkeş dəstəyi olacaq. Hava da isti olsa, "Viktoriya"nın işi bir qədər də çətin olacaq.
- Azərbaycan futbolu, keçmiş komandanız "İnter"lə maraqlanırsınız?
- Bəli, maraqlanıram. Təəssüf ki, yalnız nəticələrindən xəbər tuturam. Amma hərdən Bakıdakı dostlarımdan da xəbərlər alıram. Ötən mövsüm bu komandanın yaxşı nəticə qazandığını öyrəndim. Amma "İnter"i avrokuboklara buraxmadılar. Ümid edirəm ki, tezliklə bu klubun bütün problemləri yoluna qoyulacaq.
- Çexiya klub futbolunda Azərbaycandan çox üstündür?
- Azərbaycanı tərk etdikdən sonra oradakı oyunları canlı izləmək imkanım olmayıb. Amma istənilən halda Çexiya çempionatının Azərbaycan Premyer Liqasından güclü olduğunu düşünürəm. Lakin belə bir müqayisə aparmaq da çətindir. Məsələn, "Qəbələ" və "Qarabağ" Çexiya çempionatında oynaya bilərdi.
- Azərbaycan və Çexiyanın yığma komandaları da DÇ-2018-in seçmə mərhələsində bir qrupa düşüb...
- Bəli. Bu komandaların oyunlarına baxacağam. Əlbəttə, boş vaxtım olsa, Bakıya gəlməyə çalışacağam. Orada çox yaxşı dostlarım, xatirələrim var. Yenidən Azərbaycana gəlməyə şad olardım.
- Oyunçu karyeranızı başa vurmusunuz?
- Bəli. Peşəkar karyeramı başa vurmuşam, indi sadəcə, həvəskar kimi oynayıram. Üstəlik, "Fastav Zlin" klubunda məşqçi köməkçisi kimi çalışıram.
- Bir müddət öncə klublarımıza oyunçu da təklif edirdiniz...
- Mən heç vaxt menecerliklə məşğul olmamışam. Sadəcə, "İnter"ə oyunçu lazım idi və məndən kömək istədilər. Mən də bir futbolçu tapıb, bu kluba keçməsinə şərait yaratdım. Amma o, orada demək olar ki, oynamadı və mən pis vəziyyətdə qaldım.
