Roman Hubnik: Qarabağın qapısına Bakıda daha çox uzaqdan zərbə endirməliyik
Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"ı çox güclü komanda kimi tanıyırıq. Plzendə onlar bizim gözlədiyimiz kimi oynadılar. İlk oyundan sonra şanslar hələ də bərabərdir. Amma mərhələ adlamaq şansımız yaxşıdır. Təəssüf ki, ev oyununda qol vura bilmədik. Əminəm ki, buna Bakıda nail ola biləcəyik".
Kapitanın sözlərinə görə, cavab görüşündə qapıya daha çox zərbə endirmək lazımdır: "Hədəfimiz öz oyunumuzu sərgiləmək və mərhələ adlamaqdır. Rəqib qapısı qarşısında daha böyük təzyiq yaratmalı, zərbələr endirməliyik. İlk oyunda buna o qədər də nail ola bilmədik. Amma bu dəfə fərqli olmalıdır".
Şənbə günü Çexiya çempionatı çərçivəsində "Yihlava" ilə qarşılaşan və 2:1 hesablı qələbə qazanan "Viktoriya"nın lideri gərgin qrafiklə oynamağın onlara heç bir təsir etmədiyini dilə gətirib: "Yihlava" ilə oyunda "Qarabağ"a qarşı ilk oyunda meydana çıxmayanlar oynadılar. Təbii ki, komandadakı hər bir futbolçunun oyun ritminə düşməsi vacibdir. Həftə ərzində bir neçə oyun keçirməyimizin heç bir problemi yoxdur. Yorğunluqdan söhbət gedə bilməz".
O, Azərbaycana dörd saatlıq yolçuluqdan, Bakıdakı isti havadan da söz açıb: "Bakıya yolçuluq uzun sürdü. Amma bu, narahatlığa əsas vermir. Məşqdən sonra hər şey qaydasına düşdü. Yaxşı hazırlaşmışıq və səbrsizliklə oyunu gözləyirik. Yerli iqlimə gəlincə, biz belə isti havada çox oynamışıq. Həm də axşamlar elə də isti olmur. Bizim də oyunumuz axşam saatlarındadır. Deməli, hava şəraiti biim üçün heç bir problem yaratmayacaq".
