Roman Pivarnik: Qolsuz heç-heçə nə bizə sərf edir, nə Qarabağa
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qarabağ" da bizim kimi kombinasiyalı futbola üstünlük verir. Onların çox güclü müdafiə xətti var. İlk oyunda məhz buna görə qol vura bilmədik. Qolsuz heç-heçə tərəflərdən heç birinə sərf etmir. Məncə, "Qarabağ" da, "Viktoriya" da cavab matçının penaltilərə qədər uzanmasını istəməz. Yəqin ki, hər iki komanda qol vurmağa çalışacaq.
Havaya gəlincə, biz əvvəllər də belə şəaitdə oynamışıq. Avstriyada 32 dərəcə istidə oynamışıq. Buna görə də hava bizim üçün problem sayıla bilməz.
Oynayacağımız stadionun vəziyyəti əladır. Amma Tofiq Bəhramovun kim olduğunu bilmirəm. İstənilən halda görünür ona çox böyük hörmət var ki, adını bu arenaya qoyublar.
"Qarabağ"ın ev oyunlarını Bakıda keçirməsi öncə bizə qəribə gəlmişdi. Sonradan bunun səbəblərini öyrəndik. Mən istənilən münaqişələrin əleyhinəyəm. Ümid edirəm ki, buradakı münaqişə də tezliklə öz həllini tapar".
