Qurban Qurbanov: Şanslar bərabərdir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçiriləcək cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Uğur qazanmaq üçün yaxşı şansımız var. Baxmayaraq ki, güclü rəqibə qarşı oynayacağıq. İlk oyundan sonra rəqibi daha yaxşı analiz etmişik. Qarşıdakı görüşə hazırıq. Fikrimcə, doğma meydanda azarkeşlərimizin də dəstəyi sayəsində daha yaxşı oynayacağıq. Nəticə üçün çalışacağıq. Diqqətli olmaq lazımdır. Rəqibin necə oynamasından da çox şey asılıdır. Çexlər də mərhələ adlamaq istəyirlər. Ona görə də şansları bərabər hesab edirəm.
- "Qarabağ"ın yaxşı oyun sərgiləyə bilməməsi Riçard Almeyda və Dani Kintananın zəif çıxış etməsindən irəli gəlmir ki?
- Biz rəqiblərimizin gücünü də nərəzə almalıyıq. Üstəlik, ilk oyun onların meydanında idi. Düzdür, topa az nəzarət etdik. Rəqib çox güclü pressinq tətbiq edirdi. Amma mən komandanın oyunundan razı qaldım. "Qarabağ"dan çox şey gözlənilir. Biz də bunu başa düşürük və əlimizdən gələni edirik. Belə turnirlərdə müdafiəni düz qurmaq çox önəmlidir.
- Sabah 90 dəqiqədən artıq da oynaya bilərsiniz...
- Hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirmək istərdik.
- Start heyətdə dəyişiklik olacaq?
- Mümkündür, amma elə də çox yox.
- Söhbət Mahir Mədətovdan gedir?
- Bunu deyə bilmərəm.
- "Viktoriya"nın Çexiya çempionatındakı ilk matçını izlədiniz?
- Bəli, videoyazısına baxmışam.
- Maksim Medvedev sabah oynayacaq?
- Son məşqdə komanda ilə birgə çalışıb. Fikrimcə, problem olmamalıdır.
- Komandanız sərgilədiyi oyuna görə tənqid olunur...
- Bu, ilk dəfə deyil. Nəticə varsa, yaxşıdır, yoxdursa, pis. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma bizim işimiz onlara cavab vermək yox, öz oyunumuz barədə düşünməkdir. Oynamalı və nəticə qazanmalıyıq.
- Yeni hücumçu almağa hazırlaşdığınıza dair xəbərlər yayılıb...
- Bu barədə mən də mətbuatdan oxudum. Bizim 3-4 variantımız var. Danışıqlar davam edir. Hələ heç kimlə razılığa gəlməmişik. Real heç nə yoxdur. Müəyyən detallar var ki, onlarla bağlı razılıq əldə olunmalıdır.
- Üzərinizdə təzyiq hiss edirsiniz?
- Üzərimizdə həmişə təzyiq hiss edirik. Xüsusilə də mən. Sadəcə, mən onu hiss etdirməməyə çalışıram. Təzyiq varsa, deməli, doğru yoldayıq.
