Rauf Əliyev: Qarabağın Bakıda qol buraxmasının nəticəsi pis ola bilər
"İnter"in hücumçusu Rauf Əliyev "Qarabağ" və "Qəbələ"nin avrokuboklarda pley-offa yüksəlmək şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Qarabağ"ın Çexiya "Viktoriya"sı ilə səfərdəki qolsuz heç-heçəsi çox təhlükəlidir. "Viktoriya"nın Bakıda vuracağı bir qol çox acı nəticələrə gətirib çıxara bilər. Bunun baş verməməsi üçün "Qarabağ" müdafiədə diqqətli oynamalıdır. Eyni zamanda komandamız özü qol vurmalıdır. İstənilən halda Ağdam klubuna ancaq uğurlar arzulayıram".
Rauf Əliyev ağdamlıların ÇL-in qrup mərhələsinə düşmək şansları barədə də danışıb: "ÇL-in qrupuna vəsiqə qazanmaq çox çətin olsa da, hər şey mümkündür. Mən də Azərbaycan klubunun qitənin ən nüfuzlu klub turnirində qrupda oynamasını çox istəyirəm".
Əliyev "Qəbələ"nin də şansları barədə danışıb: "Komandamız Fransa səfərindən sərfəli 1:1 hesabı ilə döndü. Amma "Lill" Bakıdakı oyunda ilk görüşdəki kimi sakit başlamayacaq. Onlar bu dəfə ilk dəqiqələrdən yüksək sürət və temp nümayiş etdirməyə çalışacaqlar. Bu, təhlükəli ola bilər. "Qəbələ"yə də uğurlar arzulayıram".
Əliyev keçmiş komanda yoldaşı Vüqar Nadirovun yenidən "Qarabağ"a qayıtmasına da toxunub: "Bunu mətbuatdan öyrəndim. Mənə gəlincə, "İnter"də hər şeydən razıyam. Onsuz da iddialı komandada çıxış edirəm. Bu klubun uğur qazanmasına kömək etmək istəyirəm".
