Baqali Dabo: Bu, bizim üçün bir şansdır
"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri səfər oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz?
- Səfərdə "Lill" kimi komanda ilə heç-heçə bizim üçün yaxşı nəticədir. Ümid edirəm ki, cavab oyunu bizim üçün daha maraqlı və uğurlu alınacaq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Bu oyunun ikinci hissəsini niyə zəif keçirdiniz?
- Mənə elə gəlir ki, konsentrasiya çatışmazlığı oldu. Birinci hissədə bu baxımdan problem yox idi. İkinci hissədə elə erkən qol buraxmağımıza başqa səbəb tapmaq olmur.
- Cavab oyununda komandanızdan nə gözləyək?
- Fransadakı oyunun birinci hissəsindəki kimi oynamağa çalışacağıq.
- Azərbaycan klubları indiyə qədər Avropanın böyük beşlik ölkələrinin komandalarını keçə bilməyib...
- Bunu anlayırıq və bilirik ki, üzərimizdə böyük məsuliyyət var. Bu, həm də bizim üçün bir şansdır. Ümid edirəm ki, bu çətin vəzifənin öhdəsindən gələcəyik.
- Səfərdəki heç-heçə ümumi uğur üçün nə dərəcədə yetərli ola bilər?
- Biz bu nəticəyə ümid edə bilmərik. Ev oyununda mütləq qol vurmağa, qələbə qazanmağa çalışmalıyıq.
