Fariz Nəcəfov: Hər şey istədiyimiz kimi alındı
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubuna qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Matçı necə şərh edərdiniz?
- Hər şey gözlədiyimiz kimi oldu. Uşaqlara öncədən də arxayınlaşmamağı tapşırmışdıq. Səfərdəki qələbəyə baxmayaraq, bu dəfə də maksimum nəticə üçün meydana çıxmışdıq. Xoşbəxtlikdən hər şey istədiyimiz kimi alındı.
- Matçın bir qədər darıxdırıcı keçdiyini düşünmürsünüz?
- Qoy darıxdırıcı olsun, əsas odur ki, mərhələ keçək.
- Komandanı yenə gücləndirməyi düşünürsünüz?
- Yəqin bilirsiniz ki, artıq bir futbolçu dəvət etmişik. Onun sənədlərinin gəlməsini gözləyirik ki, bu transferi tam rəsmiləşdirək.
- Marsel Essombenin vaxtilə Baqali Dabo ilə bir komandada oynamasının bu transferdə hansısa rolu oldu?
- O, Dabo ilə danışıb. Baqali də burada gördüklərindən ona bəhs edib.
- Rumıniya mətbuatı Essombenin "Astra"nı aldadaraq "Qəbələ"yə gəldiyini deyir...
- Oyunçunu onun meneceri təklif edir. Biz bu futbolçuyla hətta Dabonu almamışdan öncə maraqlanırdıq, əlaqə yaratmışdıq.
- "Samtrediya" ilə oyundan sonra komandaya qiymət verməyin tez olduğunu demişdiniz. Bəs indi?
- Yeni futbolçularımız mənim çox xoşuma gəlir. Amma hələ onların ölkəmizə, ölkə futboluna tam uyğunlaşması üçün zaman lazımdır.
- Teo Uiks Dodonu unutdura bilib?
- Dodonu unutdurmaq üçün hələ çox vaxt lazımdı. Həm də onlar tam fərqli oyunçulardır.
- Bu oyunu klub prezidenti Tale Heydərov izləmədi...
- O, hazırda Azərbaycanda deyil. Buna görə də stadiona gəlməmişdi. Amma Macarıstandakı oyunda komandanı dəstəkləyirdi.
