Roman Qriqorçuk: Şadam ki, Lill kimi rəqibə qarşı oynayacağıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sına qarşı keçirdikləri cavab oyunundan (2:0, ilk oyun 2:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
"Bu gün komandamız növbəti mərhələyə vəsiqə qazandı və buna mənim gözlədiyim kimi oynamaqla nail oldu. Düzdür, ideal oynamadıq. Bəzi məqamlar var ki, onları daha da yaxşılaşdırmalıyıq. Mən heç vaxt yalan danışmıram. Halbuki, bəzi suallardan qaça bilərəm. Öncədən də dediyim kimi, "Lill"in oyununa baxmamışam. Bundan sonra isə baxacağam. Bu, kifayət qədər güclü komandadır. Şadam ki, belə bir rəqibə qarşı oynayacağıq. Belə bir rəqib üzərində qələbə komandamız üçün böyük uğur olacaq.
Hətta MTK ilə oyundan sonra da MTK-nın yaxşı komanda olduğunu hesab edirdim. Biz onları ona görə məğlub etdik ki, yaxşı hazırlaşmışdıq, bəzi komponentlərdə onlardan güclü idik. Futbolçularımın zədə almasından qorxmurdum. Əsas heyəti dəyişmirəm. Çünki oyunçularımın bir-birini daha yaxşı başa düşməsini istəyirəm. Amma bu, digərlərinə güvənməməyim anlamına gəlmir. Mən həmişə ən güclüləri meydana buraxıram. Buna görə də Rafael yox, Vernidub meydanda olur".
