Şahin Diniyev: Bu, Kəpəzin maksimumudur
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Admira" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan (ilk oyun 0:1) sonra bunları söyləyib:
"Uşaqlar maksimum güclərini qoydular. Real baxmaq lazımdır. "Admira" bizdən həm futbolçular, həm bütövlükdə komanda baxımından çox səviyyəli idi. Fikrimcə, matçın sonundakı qol vəziyyətlərindən yararlana bilsəydik, Avroliqa ilə daha yaxşı şəkildə vidalaşa bilərdik. Hazırda bu, bizim maksimumumuzdur. Bu gün üçün bu, Avropada pis nəticə deyil. "Admira"ya uğurlar arzulayıram. Biz isə çempionatda uğurlu oynamağa çalışacağıq.
İndiki "Kəpəz" ötən mövsümlə müqayisədə daha güclüdür. Fikrimcə, bu heyət bir il birgə oynasa, növbəti mövsümdə avrokuboklarda daha da irəli gedə bilər. Biz artıq başımızdan yuxarı tullana bilmişik. Fikrimcə, çempionatda da iddialılardan biri olacağıq". (CBC)
