Vəli Qasımov: Şanslar hələ də bərabərdir
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın "Şkendiya" klubu ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Çətin oyun olacağını, güclü rəqibə qarşı oynayacağımızı bilirik. Meydan sahiblərinin heyətində yüksək səviyyəli futbolçular var. Amma biz buraya yaxşı nəticə üçün gəlmişik.
- Komandada hansı çatışmazlıqlar var?
- Çatışmazlıqlar az deyil. Hücumçu dəvət etmək istəsək də, çatdırmadıq. Kollektivimiz böyük deyil. Ehtiyat oyunçular skamyamızda gənclər yer alıb, qısadır.
- Fiziki baxımdan problemlər var?
- Xeyr, bu baxımdan heç bir problemimiz yoxdur.
- Rəqibin hansı zəif nöqtələrindən yararlanmağı düşünürsünüz?
- Onlar müdafiədə hücumdakı qədər güclü deyillər. Hücum xəttində isə Avropa səviyyəli oyunçuları var. Bundan yararlanmağa çalışacağıq. Rəqibə müqavimət göstərə bilsək, növbəti mərhələyə adlaya bilərik.
- Meydan sahiblərinin baş məşqçisi çox ehtiyatlı davranır, beş müdafiəçi ilə oynamağı düşünür...
- Biz də son mövsümdə çox oyunu beş müdafiəçi ilə keçirmişik. Oyunçu seçimimiz elə də böyük deyildi. Amma indi vəziyyət fərqlidir. Bu üzdən də beş müdafiəçi ilə oynamaqda məna görmürəm.
- "Neftçi"nin mərhələ adlamaq şansı var?
- Mətbuatı oxuyurdum və başa düşə bilmirəm ki, bizi niyə favorit sayırlar. Məncə, şanslar bərabərdir.
- Heyət ilk oyundakı kimi olacaq?
- Heyətdə dəyişiklik olacaq. Amma çox yox.
