Renan Alveş: Admiranı keçmək üçün əlimizdən gələni edəcəyik
"Kəpəz"in müdafiəçisi Renan Alveş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Kəpəz" tarixi oyuna hazırdır?
- Bəli, komanda tam hazırdır. Bu görüşün bizim üçün nə qədər önəmli olduğunu bilirik. Çətin oyun olacağını da dərk edirik. Amma uğur qazanmağı çox istəyirik.
- Erkən qol vurmağa nail olsanız, işiniz o qədər də çətin olmaya bilər...
- Doğma meydanda ancaq qələbə qazanmaq barədə düşünürük. Başqa nəticə bizi qane etmir. "Admira"ya qalib gəlmək, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Amma bu, asan olmayacaq. "Admira" asan rəqib deyil.
- Səfərdəki məğlubiyyətinizə nə səbəb oldu?
- Çox ağır oyun idi. "Admira" güclü komandadır. Bu üzdən də səfərdə müdafiədə diqqətli, səhvsiz oynamağa çalışdıq. Bütövlükdə, pis müdafiə olunmadıq. Amma buraxılan qol hər şeyi korladı. Lakin bu, cütün taleyinin həll olunduğu anlamına gəlmir. Hər şeyə cavab görüşündə aydınlıq gələcək.
- Üçüncü mərhələdə sizi gözləyən Çexiya "Slovan"ı da top klub sayılmır. Bu barədə düşünmüsünüz?
- "Slovan" güclü klubdur. Heyətində yaxşı futbolçular oynayır. Çexiyanın ən titullu klublarından biridir. Amma biz indi "Slovan" barədə yox, "Admira" ilə oyunu düşünməliyik.
- Avstriyalıların zəif cəhətlərini müəyyənləşdirmisiniz?
- Həm müdafiə, həm də hücum xəttində çox yaxşı oyunçuları var. "Admira" yaxşı komplektləşmiş komandadır. Onlar yaxşı müdafiə olunurlar, hücuma da bütöv komanda halında atılırlar. Belə komandada zəif nöqtə tapmaq çox çətindir.
- "Kəpəz" "Admira"nı keçsə, qrup mərhələsinə çox yaxınlaşacaq. Avroliqanın qrupunda oynamağınız realdır?
- Hələ bu barədə düşünmürük. Bütün diqqətimiz qarşıdakı oyuna yönəlib. Uğur qazansaq, təbii ki, növbəti oyunlarda daha yaxşı oynamağa çalışacağıq.
- Vaxtilə Portuqaliyanın "Jil Visente" klubunda oynamısınız, aparıcı oyunçularından olmusunuz. Sizcə, "Kəpəz" güclüdür, ya "Jil Visente"?
- Mən belə müqayisə aparmaq istəməzdim. "Kəpəz"də yeniyəm. Bu komandanın hələ daha güclü olmaq imkanı var.
- Elnur Cəfərovun Portuqaliya "Tondela"sına transferi barədə nə deyə bilərsiniz?
- "Tondela" çox yaxşı komandadır. Artıq ikinci ildir elitada çıxış edir. Çox yaxşı şəraiti var. Heyətində perspektivli futbolçular çoxdur. Fikrimcə, Elnurun bu komandada özünü göstərmək imkanı olacaq. O, düzgün seçim edib.
