Məqsəd İsayev: Neftçi bunun öhdəsindən gələcək gücdədir
"Neftçi"nin müdafiəçisi Məqsəd İsayevin azerisport.az saytına müsahibəsi
- Makedoniya "Şkendiya"sı ilə cavab oyununa hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Durmadan çalışırıq. Doğrudan da yüksək döyüşkən ruh var.
- Cavab oyunu öncəsi mərhələ adlamaq şansınızı necə qiymətləndirirsiniz?
- Belə hər şey o qədər də pis deyil. Bizə bir qol da bəs edə bilər. Belə olan rəqib bizə iki qol vurmaq məcburiyyətində qalacaq.
- Bəs bir qol bəs etməsə?
- Onda iki qol vurmalıyıq.
- İlk oyunda hücum xəttinizin zəif təsir bağışladığını nəzərə alsaq, bunu bacaracaqsınız?
- İlk oyunda bizim üçün qol buraxmamaq çox vacib idi. Bunun da öhdəsindən gəldik. Cavab görüşündə isə qol vurmağa çalışacağıq. Fikrimcə, bunun öhdəsindən gələ bilərik.
- İlk oyunda müdafiə xətti yaxşı təsir bağışlasa da, hücumdakı dişsizlik sözünü dedi...
- Həmin oyunda qalib gələ bilməsək də, komanda oyunu sərgiləməyi bacardıq. Qol buraxmadıqsa, bu, təkcə müdafiə xəttinin yox, bütövlükdə komandanın əməyinin nəticəsidir. İlk oyunda bəxtimiz də gətirmədi. Cavab oyununda isə fərqli olmalıdır.
- Üçüncü təsnifat mərhələsinə vəsiqə qazansanız, Çexiya "Mlada Boleslav"ı ilə qarşılaşacaqsınız...
- Öncə "Şkendiya"nı keçək, ondan sonra bu barədə danışarıq. Bizi indi yalnız Makedoniya klubu ilə oyun düşündürür. Amma özüm üçün "Mlada Boleslav"ın necə komanda olduğu ilə maraqlanmışam.
