19 iyul 2016 00:55
Admira Kəpəzlə harada oynayacağını bilmir
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah "Kəpəz"lə cavab oyununa çıxmalı olan Avstriyanın "Admira" klubu rəqibi ilə harada qarşılaşacağını bilmir. Azerisport.az xəbər verir ki, sözügedən klubun rəsmi saytı komandanın Azərbaycana səfəri öncəsi cavab matçının Gəncədə baş tutacağını qeyd edib.
Halbuki, "Kəpəz"in ölkə daxili yarışlarda ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu avrokubok matçlarını qəbul edəcək səviyyədə olmadığından, gəncəlilər rəqiblərini Bakıda, "Dalğa Arena"da qonaq etmək məcburiyyətində qalıb. Avstriyalılar isə bundan hələ xəbərsizdirlər.
Qeyd edək ki, "Kəpəz" - "Admira" matçı iyulun 20-də keçiriləcək. Tərəflər arasındakı ilk oyunda Avstriya klubu 1:0 hesabıyla üstün olub.
