Elxan Abdullayev: Qarabağ üçün əsl sınaq Viktoriya ilə oyunlar olacaq
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Qəbələ"nin MTK ilə səfər oyununu tribunadan izlədiniz. Yenilənmiş "Qəbələ" necə təsir bağışladı?
- Pis təsir bağışlamır. Yeni oyunçular kifayət qədər səviyyəlidir. Onlar artıq yaxşı futbol sərgiləməyə başlayıblar. Buna görə də səfərdəki qələbəni sensasiya saymazdım. Əvvəllər Macarıstan klubları bizim üçün keçilməz sayılırdı. Amma indi vəziyyət tam dəyişib. Nəticə oyuna görə oldu. "Qəbələ" bu rəqibini keçəcək gücdədir.
- Deməli, cavab oyununda da qələbə qazanmaq problem olmamalıdır?
- MTK ənənəsi olan klubdur. Onları asanlıqla keçmək mümkün deyil. Hətta səfərdə qələbə qazanılsa belə. Amma "Qəbələ" ev oyununda da intizamlı oynasa, heç bir problem olmayacaq. Mərhələ keçəcəklərinə əminəm.
- Bəs "Qəbələ"nin Fransa "Lill"ini keçməsi nə dərəcədə realdır?
- Öncədən bu barədə danışmağın tərəfdarı deyiləm. Öncə macarları mübarizədən kənarlaşdırmaq lazımdır. Aydın məsələdir ki, mərhələ keçdikcə əqib çətinləşir, daha güclü olur. Üçüncü mərhələdə "Lill" kimi rəqiblə qarşılaşmağın pis olduğunu düşünmürəm. Azarkeşlərimiz üçün də belə oyuna baxmaq maraqlı olacaq. Klublarımız qarşılarına Avroliqanın qrup mərhələsində oynamaq hədəfi qoyublarsa, belə rəqiblərə qalib gəlməlidirlər. Niyə də "Qəbələ" "Lill" ilə rəqabət aparmasın? Ötən mövsüm onlar Yunanıstan PAOK-u, Rusiya "Krasnodar"ı ilə oyunlarda layiqli təsir bağışladılar. "Lill" Avropa qrandı deyil. Sadəcə, güclü komandadır.
- Bəs "Kəpəz"lə "Neftçi"?
- Bu komandaları ikinci təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik etmək olar. Püşk yaxşı alınmışdı və hər ikisi mərhələ keçməyə borclu idi. "Neftçi" Malta "Baltsan"ı ilə ev oyununda uduzmaqla özünə problem yaratdı. Bu, komandada gərginliyə səbəb oldu, psixoloji zərbə aldılar. Eyni zamanda UEFA reytinqində vacib xalları qazanmaqdan məhrum oldular. "Kəpəz"in səviyyəsi aydındır. Gəncə klubu Avstriya "Admira"sını keçə bilməsə də, heç kim bu komandanı tənqid etməyəcək. Ümumiyyətlə, "Neftçi" və "Kəpəz" bu mövsüm avrokuboklarda oynamamalı idi. Çünki bunu "Zirə" ilə "İnter" haqq edirdi. Amma hər iki komandamıza üçüncü mərhələyə çıxmaq yolunda uğurlar arzulayıram.
- "Qarabağ" Lüksemburq "Düdelanj"ına ilk oyunda çətinlik çəkmədən qalib gəldi...
- "Qarabağ" bu rəqibini tək ayaqla keçməlidir. Səfərdə də diqqətli oynamaq lazımdır. "Seltik"in Cəbəllütariq çempionuna səfərdə necə uduzduğunu hamımız gördük. Hətta belə rəqibləri də ciddiyə almaq lazımdır. Amma ağdamlıların mərhələ keçəcəyinə şübhə etmirəm.
- Bəs Çexiya "Viktoriya"sını keçəcəyinə nə dərəcədə inanırsınız?
- "Viktoriya" artıq "Düdelanj" deyil. Son illərdə Çexiya çempionu çox artırıb. Bu komandanın həm ÇL-in, həm də Avroliqanın qrup mərhələsində təcrübəsi var. Çempionumuz üçün əsl imtahan olacaq.
