Rahid Əmirquliyev: İlk oyun göstərdi ki, Düdelanj sıradan rəqib deyil
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirdikləri ilk oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Gözlənilən və inamlı qələbənizi necə şərh edə bilərsiniz?
- Hər şey gözlədiyimizdən də çətin keçdi. "Düdelanj" elə də zəif komanda deyil. Amma çox adam asanlıqla qələbə qazanacağımızı düşünürdü. Buna baxmayaraq, qələbə qazana bildik.
- Hər iki qolu ilk yarıda vurdunuz. İkinci hissədə yorulmuşdunuz?
- Lüksemburq klubu fasilədən sonra daha da qapandı. Onlara qol vurmaq bir qədər də çətinləşdi. Fasilədən sonra da az güc sərf etmədik.
- Rəqib öz meydanında sürpriz edə bilər?
- İstənilən halda arxayınlaşmaq olmaz. İlk oyun göstərdi ki, "Düdelanj" sıradan komanda deyil. Əminəm ki, onlar öz meydanlarında daha yaxşı oynayacaqlar. Amma biz sürprizə imkan verməməliyik.
- İkinci hissədə meydana çıxsanız da, əvvəlki Rahidi görə bilmədik. Hələ tam hazır deyilsiniz?
- Fiziki baxımdan problemim yoxdur. Sadəcə, oyun təcrübəsi baxımından çatışmazlıqlar var. Son altı ayda cəmi bir oyunda meydana çıxmışam. O da "Şuşa-Qarabağ"la yoxlama oyunudur. Amma hər matçda vəziyyət daha da yaxşılaşır.
- "Düdelanj"ı keçsəniz, Çexiya "Viktoriya"sı ilə qarşılaşacaqsınız...
- "Viktoriya" yaxşı komandadır. Avrokuboklarda böyük təcrübəsi var. Son illərdə tez-tez Avroliqanın, ÇL-in qrup mərhələsində oynayır.
- "Qarabağ" bu rəqiblə bacara biləcək?
- Bizi indi daha çox "Düdelanj"la cavab oyunu düşündürür. 3-cü mərhələyə çıxandan sonra çexlər barədə düşünmək olar.
