Qurbanov: Skopyedə çətin olacaq, amma futbolda mümkünsüz heç nə yoxdur
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sı ilə ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Hava çox isti idi. Buna görə oynamaq çətin idi. "Şkendiya"ya qalib gəlmək istəsək də, alınmadı. Ələ düşən qol şanslarından yararlana bilmədik. Bizi dəstəkləməyə gələn azarkeşlərdən üzr istəyirəm ki, onları sevindirə bilmədik. Çünki bizdən qələbə gözləyirdilər. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, Skopyedə bizi daha çətin sınaq gözləyir".
Onun sözlərinə görə, "Neftçi" səfər matçında 120 dəqiqə oynamağa da hazırdır: "Makedoniyada əlavə vaxt oynamaq lazım gəlsə, buna da gücümüz yetər. Amma mənə elə gəlir ki, hər şeyə 90 dəqiqə ərzində aydınlıq gələcək. Müdafiədə səhvsiz oynamalı və qol vurmalıyıq".
Amma Qurbanov Skopyedə qol vurmağa söz verməyib: "Mənim üçün qolu kimin vurmasının fərqi yoxdur. Mən də vura bilərəm, komanda yoldaşlarım da. Əsas mərhələ adlamağımızdır. Necə olacağını isə oyun göstərəcək".
Qurbanov "Şkendiya" ilə ilk oyunda əvəzlənərkən fitə basılmasına da münasibət bildirib: "Mən artıq buna alışmışam. Ona görə də diqqət yetirməməyə çalşıram. Azarkeşləri də gözəl başa düşürəm. Amma onlar nəyəsə görə "Şkendiya"nı zəif rəqib hesab edirlər. Çox ümid edirəm ki, cavab oyununda arzuladığımız nəticəyə nail ola biləcəyik".
Hücumçu üçüncü təsnifat mərhələsində qarşılaşmaq ehtimalı olan Çexiya "Mlada Boleslav"ı barədə danışmaq istəməyib: "Bundan danışmaq tezdir. Biz hələ öncə makedoniyalıları keçmək barədə düşünməliyik. Yalnız ondan sonra növbəti rəqib barədə düşünmək olar. Skopyedə çətin olacaq, amma futbolda mümkünsüz heç nə yoxdur".
