Serjinyo: Admira səddini keçə bilərik
"Kəpəz"in müdafiəçisi Serjinyo Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçirilmiş səfər oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Məğlubiyyəti necə şərh edərdiniz?
- Pis oynamadıq. Taktiki baxımdan çox yaxşı mübarizə apardıq. Qapımızı toxunulmaz saxlamağa çalışdıq. Təəssüf ki, künc zərbəsi zamanı qapımızda qol gördük. Halbuki, həmin epizodda mənə qarşı qayda pozuntusu var idi. "Admira" yaxşı komandadır. Amma biz də meydanda sonadək mübarizə apardıq. Qarşıda cavab oyunu var. Hazırlaşacağıq.
- "Kəpəz" niyə səfərdə qol vura bilmədi?
- Səfərdə alınmasa da, Bakıdakı oyunda daha yaxşı çıxış edib, nəyə qadir olduğumuzu göstərəcəyik. Özümüzə inanırıq.
- Mərhələ adlamaq şansınızı nə dərəcədə yüksək qiymətləndirirsiz?
- "Admira" ilə ilk oyundan öncə necə inanırdıqsa, indi də o dərəcədə inamımız var ki, üçüncü mərhələyə adlaya bilərik. Şansımız var. Səfərdə minimal hesablı uduzmuşuq. Öz meydanımızda isə qələbəyə oynayacağıq. Daha yaxşı oynamalıyıq ki, buna nail olaq.
- "Admira" güclüdür, ya "Daçiya"?
- Əlbəttə, müqayisə etsək, "Admira" daha güclüdür. Avstriya klubunun çox yaxşı oyunçuları var. Onlar həm fiziki, həm də texniki baxımdan daha güclüdürlər. Onlara qarşı oynamaq asan deyil.
- Sanki 0:1 hesablı məğlubiyyəti normal nəticə sayırsınız. Amma mərhələ adlamaq üçün ən azı iki top fərqilə qalib gəlməlisiniz...
- Əlbəttə, məğlubiyyəti yaxşı nəticə saymaq olmaz. Amma biz doğma meydanda nəticəni xeyrimizə dəyişə bilərik. Azarkeşlərimiz qarşısında oynayacağıq. Onları sevindirməyi çox istəyirik. Cavab matçı tamamilə fərqli olacaq. Ola bilər ki, əsas vaxtda 1:0 hesabıyla qalib gələk, əlavə vaxt olsun. Lakin biz hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirmək istəyirik. Özümüzə güvənirik. "Kəpəz" üçün tarixi nəticə qazanmaq istəyirik.
- Ola bilər ki, "Kəpəz"in qarşısına heç üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulmayıb və bir mərhələ adlamaq artıq sizin üçün maksimumdur?
- Xeyr, "Kəpəz" bundan da artığına qadirdir. Bəli, "Admira"nın güclü rəqib olduğunu etiraf edirik, amma bu komandanı da keçə, mərhələ adlaya bilərik. Sadəcə, bunun üçün sonadək mübarizə aparmalı, maksimum diqqətli olmalıyıq.
- "Daçiya" ilə ev oyununda azarkeşlərinizin sayı az idi. Bu dəfə nə gözləyirsiniz?
- Bütün azarkeşlərimizi bizə dəstək olmağa səsləyirəm. Bu oyun finala bərabər olacaq. Arzumuzu gerçəkləşdirmək üçün döyüşəcəyik. Yeni uğurlara imza atmaq istəyirik. Ona görə də azarkeşlərimizin bizə dəstək olması vacibdir. Azərbaycan xalqı üçün son saniyəyə qədər mübarizə aparacağıq. Birgə bunu bacara bilərik. Qoy azarkeşlər də bizə inansınlar.
- "Admira"nı keçsəniz, Çexiya "Slovan"ı ilə qarşılaşa bilərsiniz...
- Püşkatmanı izləyirdim. Çexiya klubları güclü olur. "Slovan" da Avropada məşhurdur. Onlarla oynamaq çətin olar. Bu komandanı yaxşı tanıyıram. Amma biz indi "Slovan" barədə düşünə bilmərik. Öncə "Admira" səddini keçməliyik.
