Vançe Şikov: Şkendiya öz meydanında daha təhlükəli olacaq
"Neftçi"nin müdafiəçisi Vançe Şikov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirdikləri ilk oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə matçla bağlı fikirlərini bölüşüb:
- Bu gün daha çox müdafiədən oynadıq. Rəqibimiz də ilk təsnifat mərhələsində Polşa klubunu məhz belə keçmişdi. Buna görə də oyunumuz belə alındı.
- "Şkendiya"lılar oyundan öncə "Neftçi"ni favorit adlandırırdılar. Amma belə oyundan sonra yəqin ki, onların fikri dəyişdi...
- Şanslar öncədən də bərabər idi, indi də elədir. "Şkendiya" güclü rəqibdir. Onların heyətində çıxış edən futbolçular 2-3 ildir birgə oynayırlar. Elə Polşa "Krakoviya"sını da bunun sayəsində keçdilər. Bizə səfərdə qol vurmaq lazımdır ki, mərhələ adlayaq.
- Rəqibin sürətli oyunçularının qarşısını necə almağı düşünürsünüz?
- Bu gün onlar ilk 15 dəqiqədə çox fəal hücumlar təşkil etdilər. Amma zaman keçdikcə toparlandıq və onları öz qapılarına doğru sıxışdırdıq. Rəqibin hücum xəttində doğrudan da çox sürətli futbolçular var. Onlara qarşı oynamaq çox çətindir.
- Cavab matçından nə gözləyək?
- Rəqibə boşluq vermək olmaz. Onlar öz meydanlarında daha təhlükəli olacaqlar. Buna görə də matça düzgün yanaşmalıyıq.
- Belə oyunla "Şkendiya"nı keçə bilərsiniz?
- Şübhəsiz ki, mərhələ adlamaq üçün Skopyedə Bakıdakından daha yaxşı çıxış etməliyik.
