Çingiz Abdullayev: Belə oyunla Şkendiyanı keçə bilərik
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirilmiş ilk oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, tanınmış yazıçı öncə matçla bağlı fikirlərini bölüşüb:
- Bizim şansımız var. Bu gün bərabər səviyyəli oyun oldu. Komandamız pis təsir bağışlamadı. İnanıram ki, bu oyunla növbəti mərhələyə vəsiqə qazana bilərik. 1:1 də bizi qane edəcək. İnanıram ki, orada da yaxşı oyun sərgiləyəcəyik.
- Komandanın hücum xəttində problemlər var. Transfer edəcəksiniz?
- Oyunçunu mən seçmirəm. Sizin üçün bir sirr açım: baş məşqçi bizə deyir, biz idə qərar veririk. Hətta 2-3 oyunçu ala bilərik. Yaxın günlərdə bu məsələ həllini tapmalıdır.
- Klubda maliyyə problemi var?
- Belə problemimiz yoxdur. Yaxşı sponsorumuz var. Emil Mpenzanın pulunu da ödəyirik. Malta "Baltsan"ı ilə cavab oyunundakı pis oyuna baxmayaraq, azarkeşlər də bu gün komandanı dəstəkləməyə gəlmişdilər.
- Yeni mövsümdə nəyə ümid edirsiniz?
- Ən azından ilk üçlüyə düşməliyik. Başqa komanda ardıcıl iki il kubokun finalına çıxsaydı, tənqid etməzdiniz. Amma bizi tənqid edirlər.
- Yerli oyunçular sizi qane edir?
- Gənc oyunçularımız çoxdur. Kapitan Araz Abdullayev özünü yaxşı tərəfdən göstərir. İnanıram ki, onlar daha yaxşı oyun sərgiləyəcəklər.
- Çempionatda cəmi 8 komandanın mübarizə aparması sizin işinizi asanlaşdırır?
- İnanmıram ki, asan olsun. Çempionatdakı bütün komandalar yüksək hədəflər üçün mübarizə aparacaqlar. Çətin olacaq. "Rəvan", "Xəzər Lənkəran" kimi komandaların dağılması da çox pis oldu.
