Ferhan Hasani: Bakıya müsbət nəticə qazanmaq üçün gəlmişik
Makedoniyanın "Şkendiya" klubunun kapitanı Ferhan Hasani Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Neftçi" ilə səfər matçı üçün hədəfiniz nədən ibarətdir?
- Buraya müsbət nəticə qazanmaq üçün gəlmişik. Səfərdə qol vurmaq, qələbə qazanmaq istəyirik.
- Rəqib barədə məlumat toplaya bilmisiniz?
- Komandanızın güclü və adlı-sanlı olduğunu bilirik.
- "Neftçi"də ən çox ehtiyatlandığınız nədir?
- Rəqibin cinah oyunçuları çox yaxşı təsir bağışlayır. Sürətli, texnikalı futbolçulardır. Bu, bizə problem yarada bilər. Həmçinin hücum xətti də yaxşıdır, qol vurmağı bacarırlar.
- Özünüzü cütün favoriti hesab edirsiniz?
- Bu matçın favoriti "Neftçi"dir.
- "Şkendiya"nın Avroliqadakı hədəfi nədir?
- Mümkün qədər çox rəqibə qalib gəlmək, mərhələ adlamaq istəyirik. Qrup mərhələsinə vəsiqə qazanmağımız çox yaxşı olardı. Amma hələlik, bütün fikrimizi "Neftçi" ilə oyuna yönəltmişik.
- "Şkendiya" ilk mərhələdə Polşa "Krakoviya"sına həm evdə, həm də səfərdə qalib gəldi. Amma "Neftçi" Malta "Baltsan"ına səfərdə qalib gəlsə də, evdə uduzdu. Siz buna rəğmən yenə "Neftçi"ni favorit sayırsınız?
- "Neftçi" ilk oyunda qalib gəldiyindən Bakıdakı görüşə yaxşı köklənməmişdi. Görünür, artıq mərhələni keçdiklərini düşünürdülər. Buna görə də uduzdular. Amma mən "Neftçi"ni güclü klub hesab edirəm. Bu komandaya səfərdə qol vurmaq çox yaxşı olardı.
- Vaxtilə "Neftçi"də oynamış makedoniyalı futbolçularla söhbətləşmisiniz?
- Azərbaycanda iki yaxın dostum oynayır. Vançe Şikov "Neftçi"də, Muarem Muarem isə "Qarabağ"dadır. Amma onlardan heç nə soruşmamışam. İstənilən halda "Neftçi"nin yaxşı komanda, ciddi rəqib olduğunu bilirik.
- Təklif alsanız, Azərbaycanda oynayardınız?
- Azərbaycan klublarından təklif almamışam.
