Rəşad Sadıqov: 2:0 yaxşı nəticədir, amma böyük üstünlük deyil
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düedelanj"ına qarşı keçirdikləri ilk oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- Gözlədiyimiz kimi, gərgin oyun keçdi. Matç bizim üçün yaxşı başladı, iki qol vurduq. Amma sonradan gərginlik artdı. Rəqib daha fəal pressinq etməyə başladı, bu da bizim hücumlarımızı inkişaf etdirməyə mane olurdu. Belə oyuna bir neçə səbəb göstərmək olar. Amma 2:0 da yaxşı nəticədir.
- İkinci hissədə müdafiəyə daha çox diqqət yetirməyi Qurban Qurbanov tapşırmışdı?
- Birinci hissədə rəqib bizə daha çox oynamaq imkanı yaradırdısa, ikinci hissədə çox pressinq etdilər. Bir neçə dəfə topu itirəndən sonra isə müdafiəyə diqqəti artırmaq məcburiyyətində qaldıq.
- Bir epizodda rəqib futbolçu sizə qarşı kobudluq etdi və ona yaxınlaşıb nəsə dediniz...
- Nə dediyim yadımda deyil. Amma o, mənim ayağıma zərbə endirmişdi.
- Sizi çoxdan idi meydanda belə əsəbi görmürdük...
- Həmin epizoda qədər bir neçə dəfə top itirmişdik. Bütövlükdə, oyuna tam hazır olmadığımızı bilirdik. Mövsümün əvvəlidir, bir qədər vaxt lazımdır.
- Cavab oyununda sürpriz nəticə qeydə alına bilər?
- 2:0 elə də böyük üstünlük deyil. Səfərdə oynayacağıq. Rəqibin standart vəziyyətləri çox təhlükəlidir. Onlar öz meydanlarında fərqli oynaya bilərlər. Buna görə diqqətli olmalıyıq. Özümüzü növbəti mərhələdə hesab etsək, səhvə yol vermiş olarıq. Bizi qarşıda daha çətin 90, bəlkə də 120 dəqiqə gözləyir.
- Tribunalarda elə də çox azarkeş yox idi...
- Gələnlərin hamısına minnətdaram. Bu da normaldır. Hərdən çox olur, hərdən az.
- Üç futbolçunuzun sarı vərəqə almasına münasibətiniz necədir?
- Qara Qarayevin epizodunda əks-hücumun qarşısını almaq lazım idi və o, düz etdi. Dani Kintananın epizodunu xatırlamıram. Əsas mərhələ adlamaqdır. Növbəti mərhələdə kimin oynaması isə o qədər də əhəmiyyətli deyil.
