Qurban Qurbanov: Rəqib cavab matçında bizə problem yarada bilər
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Düdelanj” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunu belə şərh edib:
- İki qol vursaq da, rəqib oyuna çox yaxşı qoşulmuşdu. Hətta hesabda geri düşəndən sonra da intizamı pozmadılar. Çətin rəqibdir. Cavab oyunu daha çətin olacaq. Rəqib bizə problem yarada bilər. Qazonun vəziyyəti də yaxşı deyil. Komandamı bu cür oyuna görə təbrik edirəm. Bu rəqiblə cavab matçında da sonadək ciddi oynamaq lazımdır.
- Bu gün iki fərqli hissə alındı. Bu, sizin tapşırığınız idi?
- Mən futbolçulara tempi aşağı salmaq tapşırığı verməmişdim. Biz hələ optimal formamızdan uzağıq. İkinci hissədə belə oyun gözləyirdim. Belə rəqiblə oyunlarda səbrli olmaq lazımdır.
- Üç sarı vərəqə belə bir oyun üçün çox deyil?
- Bu qədər sarı vərəqə aldığımızı xatırlamıram. Uşaqlara rəqibin hücumlarını kiçik follarla almaq tapşırığı verilmişdi.
- "Düdelanj" cavab oyununda sizə üç cavabsız qol vura bilər?
- Mümkünsüz heç nə yoxdur. İstənilən nəticə qeydə alına bilər. Bu komandanın elə oyun tərzi var ki, bizə qol vura bilərlər. Amma ümid edirəm ki, buna nail ola bilməyəcəklər. Komandanı cavab matçında da qələbəyə kökləməyə çalışacağıq.
- Növbəti mərhələdəki potensial rəqiblərinizin siyahısına baxmısınız?
- Mənim üçün hələ "Düdelanj"la oyunlar vacibdir. Digərlərini izləmirəm.
