Dino Topmöller: Qarabağ favorit olsa da...
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Dino Topmöller Bakıdakı oyun öncəsi mətbuat konfransında iştirak edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"ın Avstriyadakı iki oyununa baxmışam. Bu komanda yerlə oynamağa üstünlük verir. Heyətində texnikalı futbolçular çoxdur. Rəşad Sadıqovu, Riçard Almeydanı, Mişeli, Dani Kintananı, eləcə də Reynaldonu qeyd edərdim. Atam (tanınmış almaniyalı mütəxəssis Klaus Topmöller) vaxtilə Gürcüstan yığmasında çalışıb, onlar Azərbaycana qarşı oynayıblar. Amma o, mənə təkcə "Qarabağ"ın güclü komanda olduğunu söyləyib, başqa heç nə.
Bizə gəlincə, "Düdelanj" Lüksemburq çempionudur. Bu ada layiq futbol sərgiləmək istəyirik. "Qarabağ" favorit olsa da, biz də yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün mübarizə aparacağıq. Sabah məni növbəti mərhələyə çıxmağımıza kömək edəcək istənilən nəticə qane edəcək".
