İqor Mitreski: Şkendiya ilə oyunda Neftçiyə azarkeşlik edəcəyəm
"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreski keçmiş komandasının Avropa Liqasının ikinci təsnifat mərhələsində Makedoniya "Şkendiya"sına qarşı keçirəcəyi oyunlar öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Neftçi"nin ölkənizin "Şkendiya" klubuna rəqib olmasını necə qarşıladınız?
- "Neftçi"nin Malta "Baltsan"ına qarşı səfər oyununu izlədim. Elə həmin oyundan sonra əmin idim ki, keçmiş komandamı ölkəmizdə görə biləcəyəm. Bunun rəsmiləşməsinə də çox sevindim. "Neftçi"də çoxlu tanışım, dostum var. Komandanı ölkəmizdə qarşılamaq üçün mütləq aeroporta gedəcəyəm. Onlar mənim qonağım olacaqlar.
- "Şkendiya"da çalışmısınız?
- Bu yaxınlara qədər onlarda idman direktoru kimi çalışırdım. Prinsipcə, bu komandanı mən yaratmışam. Amma işimə qarışmağa başladıqları üçün komandanı tərk etdim. Buna baxmayaraq, komanda ilə münasibətlərim yenə yaxşıdır.
- "Neftçi"nin Makedoniya klubuna rəqib olmasını ölkənizdə necə qarşıladılar?
- Mən bu komandada oynadığım dövrdə Makedoniyada "Neftçi"nin çıxışını izləyirdilər. Necə böyük klub olduğunu bilirlər. Daim avrokuboklarda oynayır. Bakı klubuna hörmətlə yanaşırlar. Məndən də soruşanlar olur. "Neftçi"yə qalib gəlməyin asan olmayacağını deyirəm.
- "Şkendiya"dan da sizdən məlumat almaq istəyənlər olub?
- Bəli. Amma mən artıq onların bu istəyinə mənfi cavab vermişəm. Bu, mən tərəfdən yaxşı addım olmazdı. Dörd il Bakı klubunun şərəfini qorumuşam. "Neftçi" mənim sevimli klubumdur. Bu klubdan mənə müraciət edən olsa, "Şkendiya" barədə məlumat verməyə hazıram.
- "Neftçi" "Baltsan"la cavab oyununu çox pis keçirdi...
- Həmin matçın icmalına baxmışam. Mən vəziyyəti dramatikləşdirməyin əleyhinəyəm. Ümid edirəm ki, növbəti mərhələdə hər şey daha yaxşı olacaq. Toparlanmaq lazımdır. Çünki "Şkendiya" da güclü rəqibdir.
- Elə danışırsınız ki, sanki "Neftçi"yə azarkeşlik edəcəksiniz...
- 100 faiz "Neftçi"yə azarkeşlik edəcəyəm. Mənim iki sevimli komandam var - biri Moskva "Spartak"ı, digəri "Neftçi"dir.
- Makedoniyada sizin bu addımınızın xoş qarşılanmamasından ehtiyatlanmırsınız?
- Qoy olsun. Mən bu oyunda "Neftçi" rəsmiləri ilə birgə oturub, bu komandaya azarkeşlik edəcəyəm. Təbii ki, dəvət etsələr. (gülür)
- Şansları necə dəyərləndirərdiniz?
- "Şkendiya" güclü komandadır. Büdcəsi də az deyil. Heyətində güclü ifaçılar var. Buna baxmayaraq, şanslar bərabərdir. Bu komanda ev oyunlarını mərkəzi stadionda keçirir. Arenanın əla qazonu var.
- Makedoniya klubu Bakıdakı oyunda nəyə ümid edə bilər?
- Ən azı heç-heçə edə bilər. Amma ev oyununda qələbəyə çalışacaq. "Neftçi" ilk oyunda mütləq qapısını toxunulmaz saxlamağa çalışmalıdır.
