Sofian Benzuen: Qarabağla 30 min azarkeş qarşısında oynamaq bizə də maraqlı olar
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq Lüksemburqun "Düdelanj" klubunun yarımmüdafiəçisi Sofian Benzuenin azerisport.az saytına müsahibəsi
- Püşkatmada "Qarabağ"la düşməyiniz əhvalınızı korlamadı?
- Xeyr. Püşkatmadan razıyam. İstənilən halda bir rəqiblə düşməliydik. İlk rəqibimiz "Qarabağ" oldu. Əhvalımız yaxşıdır.
- Azərbaycan çempionu barəsində nə bilirsiniz?
- Düzünü deyim ki, Avropada oynayan demək olar ki, bütün klubları tanıyıram. "Qarabağ" barəsində də Avropa Liqasındakı çıxışından sonra məlumatım var.
- Rəqibinizin hansısa oyununa baxmısınız?
- Vaxtilə Belçika "Anderlext"ində oynamışam. Ona görə də bu komandanın bütün oyunlarını izləməyə çalışıram. Məhz o vaxt "Qarabağ"ın da bu komandaya qarşı necə oynadığını görmüşəm. Bu komanda həm Belçikada yaxşı oynadı, həm də Bakıda qələbə qazandı. Buna təəccüblənmişdim.
- "Qarabağ"ın hansı güclü cəhətlərini qeyd edə bilərsiniz?
- Sürətli və texnikalı futbol sərgiləyirlər. Bu, istənilən rəqib önündə çox böyük üstünlükdür.
- Sürpriz edəcəyinizə inanırsınız?
- Yeddi ildir "Düdelanj"da oynayıram. Bu müddət ərzində çox sürprizlər etmişik. Amma "Qarabağ"ı keçməyimiz çox çətin olacaq.
- Vaxtilə "Qarabağ"ın keçə bilmədiyi "Zalsburq"u siz keçə bilmisiniz...
- Bəli, biz bunu bacarmışdıq. Avstriyalılarla hər iki oyunda meydandan olmuşdum, səfər oyununda hətta qol ötürməsi etmişdim. Amma belə sürprizlərə həmişə imza atmaq olmur. Məsələn, biz "Zalsburq"u keçsək də, onlardan zəif olan Sloveniya "Maribor"u ilə bacarmadıq. Kim bilir, bəlkə "Qarabağ"ı da keçə bilərik. Amma belə bir sözü oyundan öncə hələ heç kim əminliklə deyə bilməz.
- "Qarabağ" üçün mərhələ adlaya bilməmək böyük uğursuzluq olacaq. Bəs sizin üçün?
- Bizim üçün uğursuzluq olmayacaq. Yeni baş məşqçimiz var. Bizə vaxt lazımdır.
- "Qarabağ"ın futbolçularından kimi tanıyırsınız?
- Heç kimi. Amma yox, birini tanıyıram. Albaniya yığmasında oynayan Ansi Aqollini. Qalanlarını tanımıram.
- İlk matçın Bakıda keçirilməsini sizin üçün üstünlük saymaq olar?
- Mənim üçün ilk matçın evdə və ya səfərdə keçirilməsinin fərqi yoxdur. Əsas Bakıda qol buraxmamaqdır. Amma evdə qol vurmalıyıq.
- "Qarabağ"ın çoxlu azarkeşi var. 30 minlik azarkeş ordusu qarşısında oynamaqdan çəkinmirsiz?
- Əksinə, bu, bizim üçün maraqlı olar. Biz rəqibə də, azarkeşlərinə də hörmətlə yanaşırıq. İnanıram ki, maraqlı oyun olacaq.
