Kərim Diniyev: Admira ilə oyunlara da qələbə üçün çıxacağıq
"Kəpəz"in yarımmüdafiəçisi Kərim Diniyevin azerisport.az saytına müsahibəsi
- Moldova "Daçiya"sına qarşı səfər oyunu barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Amma biz hədəfimizə çata bildik. Uşaqlar mərhələ keçmək üçün əllərindən gələni etdilər. Buna görə çox şadam və hər kəsə - məşqçilər korpusuna, rəhbərliyə, klubun digər bütün işçilərinə minnətdarlığımı bildirirəm. "Kəpəz" tarix yazdı. Səfərdə qələbə qazandı, ilk dəfə mərhələ adladı. Azarkeşlərimizi də təbrik edirəm.
- Kişinyova səfər komandanızı yormadı?
- Bəli, fiziki baxımdan yorğunluq var idi. Stadion da bir qədər uzaqda idi. Amma biz yorğunluğu səfər matçının sonlarında daha çox hiss etdik.
- Havanın isti olması sizə nə dərəcədə problem yaratdı?
- Nə qədər yorğun olsaq da, mərhələ adlamaq arzumuzun böyük olması bizə əlavə stimul verirdi. Prinsipcə, bütün çətinliklərin öhdəsindən gəldik. Meydanda daha çox hərəkətli olan da bizim futbolçular idi. Yaxşı ki, çəkdiyimiz əziyyət hədər getmədi.
- Qapınıza penalti təyin oluna bilərdi...
- Mən həmin epizodu dəqiq görmədim. Səhv etmirəmsə, müdafiəçimizin əli epizod zamanı bağlı idi. Amma hakim səhv etsəydi... Yaxşı ki, penalti təyin etmədi.
- Növbəti rəqibiniz Avstriya "Admira"sıdır...
- İştah yemək zamanı artır. Əksəriyyət bizim "Daçiya"nı keçəcəyimizə inanmırdı. Rəqibimiz bizdən doğrudan da güclü idi, maliyyə vəziyyətləri də bizimkindən yaxşıdır. amma qələbə qazanmaq, mərhələ adlamaq arzusu bizdə daha güclü idi. Artıq növbəti rəqibimizin kim olmasının fərqi yoxdur. İstənilən halda meydana qələbə qazanmaq üçün çıxacağıq.
- "Daçiya"nın sabiq prezidenti, cavab matçı öncəsi klubun menecerinə çevrilən Adlan Şişxanovun komandanız barəsində açıqlamaları sizə nə dərəcədə təsir etdi?
- Onun açıqlamaları barədə eşitmişdim. Biz futbolçular buna o qədər də diqqət yetirmirdik. Amma Şişxanovun dedikləri də qələbəmizdə rol oynadı. Bu, bizim üçün ən böyük motivasiya idi.
