Serjinyo: Portuqaliyanın məni sevindirəcəyinə inanıram
"Kəpəz"in portuqaliyalı legioneri Serjinyo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı üzərindəki qələbədən sonra Fransada təşkil olunan Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AÇ maraqlı alındı. Final daha da maraqlı olacaq. Portuqaliya yığmasının qrup mərhələsini qələbə qazanmadan başa vurması o qədər də önəmli deyil. Əsas odur ki, həmyerlilərim heç bir oyunda uduzmayıblar və hazırda finala yüksəliblər".
O, yığmadakı dostlarından da söz açıb: "İndiki yığmada Danilo ilə Sedrik mənim yaxın dostlarımdır. Çox yaxşı münasibətimiz var. Bu komandaya inanıram. Ronaldo güclü futbolçudur. Amma mən bu komandanın yalnız Kristianodan asılı olduğunu düşünmürəm. Portuqaliya yığması güclü komandadır".
Portuqaliyalı futbolçu öz proqnozunu da açıqlayıb: "Fikrimcə, "Kəpəz"in Avroliqada mərhələ adlamasından sonra yığma komandamız da AÇ-nin qalibi olmaqla məni sevindirəcək. Bunu yalnız Portuqaliyadan olduğum üçün demirəm. Düzdür, Fransa bu qitə birinciliyinin ev sahibidir. Amma 2004-cü ildə biz də AÇ-nin ev sahibi idik. Lakin Yunanıstana uduzduq. Meydan sahibi olmaq o qədər də böyük üstünlük deyil".
"Fransa və Portuqaliya yığmaları AÇ-2000-də üz-üzə gəlmişdilər. Həmin oyunda Fransa qalib gəlmişdi. Nuno Qomeşin qeyri-dəqiq yerinə yetirdiyi penaltidən sona Zinədin Zidan fərqlənərək rəqibə qələbə qazandırmışdı".
"AÇ öncəsi futbolçularımızın hamısı deyirdilər ki, turniri qazanmağa gedirlər. Sabah ancaq Portuqaliya üçün dua edəcəyəm. Fikrimcə, komandamız məni sevindirə biləcək".
