Səməd Qurbanov: Neftçi Avropa Liqasında daha bir mərhələ keçməlidir
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Siz də Malta "Baltsan"ı ilə ev oyunundan sonra stadionu azarkeşlər kimi məyus tərk etdiniz?
- Bəli, mən də 1:2 hesablı məğlubiyyətdən sonra məyus idim. Halbuki, komandadan parlaq oyun və qələbə gözləyirdim. Amma bundan heç nə görmədim. Birinci hissədə hər şey qələbəyə aparırdısa, ikinci yarıda ancaq məyusluq yaşadıq. Rəqib bizdən daha yaxşı çıxış etdi.
- Sizə elə gəlmir ki, rəqib bir qədər də güclü olsaydı, "Neftçi"ni darmadağın edərdi?
- Bununla razı deyiləm. Güclü komandaya qarşı oyunda "Neftçi" də belə oynamazdı. Buna əminəm. Bu, "Neftçi"nin köhnə adətidir. Zəif rəqiblərlə oyunlara lazım olan səviyyədə köklənə bilmir. Bu, mənim oynadığım dövrlərdə də belə olub.
- İstənilən halda "Neftçi"də bu qədər dəyişiklik edildiyi halda, komandanın oyununda heç nə dəyişmir...
- Mən də oyundan sonra bu barədə düşündüm. Amma bu komandanın üstündən xətt çəkmək olmaz. Yeni gələn futbolçulara vaxt lazımdır. Onların komandaya uyğunlaşmasına ehtiyac var. Fikrimcə, zamanla hər şey yaxşı olacaq. Buna ümidliyəm. Meydanda futbolçuların bir-birini yaxşı başa düşmədiyi hiss olunurdu. Amma mən pessimist düşünmək istəmirəm.
- "Neftçi" "Bakcell Arena"da qələbə qazana bilmir...
- Bunu izah etmək çətindir. Rəqib son oyunda ürəklə oynadı. Bizdə isə bunu görmədik. Belə oyunun bircə izahı vardı: ilk oyunda 2:0 hesablı səfər qələbəsi. Rəqibin daha bir qol vurması rüsvayçılıq olardı. Bu, komandanı sındıracaqdı.
- Sizə elə gəlmir ki, "Neftçi"ni belə oyunla Makedoniya "Şkendiya"sı ilə oyunda faciə gözləyir? Özü də makedoniyalılar Malta yox, Polşa təmsilçisini mübarizədən kənarlaşdıblar...
- Belə oyunla "Şkendiya"nı keçə bilməyəcəyimiz dəqiqdir. Amma mən yenə elə oynayacağımızı düşünmürəm. Hələlik, komanda oyunu olmasa da, potensial böyükdür.
- Bir həftəyə nə dəyişə bilər ki?
- Nə dəyişəcəksə, yaxşıya doğru dəyişəcək. "Baltsan"la oyunun ikinci hissəsindəki çıxışımızdan pis heç nə ola bilməz. Komanda vəziyyəti düzəltməlidir. Avropa Liqasında daha bir mərhələ keçməlidir.
