Səlahət Ağayev: İnterdə qapıçılarla bağlı problem olmayacaq
"İnter"in qapıçısı Səlahət Ağayev jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Yenidən qayıtdığınız "İnter"də sizi necə qarşıladılar?
- Yaxşı qarşıladılar. Bura mənim üçün yad yer deyil. Doğma komandama qayıtmışam.
- Yeni transferləriniz necədir?
- Yaxşı transferlər edilib. Demək olar ki, hamısı yerli uşaqlardır. Bu mövsüm yaxşı nəticələr qazana bilərik.
- Kapitanlıq sarğısı yenə sizə veriləcək?
- Kapitanın kim olacağını deyə bilmərəm. Belə məsələləri baş məşqçi həll edir. AZAL-la yoxlama oyununun birinci hissəsində kapitan Nizami Hacıyev oldu. Amma o, əvəzlənəndə sarğını mənə verdilər.
- Növbəti mövsümdən nə gözləyirsiniz?
- Minimum hədəfimiz avrokuboklara çıxmaqdır. Çempionluğa da oynaya bilərik.
- Azarkeşlər sizin "İnter"i "Sumqayıt"a dəyişməyinizə görə yəqin ki, incikdirlər...
- Buna haqları çatır. Yeddi il bu komandada çıxış etmişəm. Amma mən komandanı pis vaxtında qoyub getməmişdim.
- Qapıçılar tez-tez klub dəyişməyi sevmirlər. Amma siz son dövrlərdə tez-tez belə addım atırsınız...
- Digər klublardan cəlbedici təkliflər almışdım. Amma alınmadı. Buna görə "Sumqayıt"da oynamağa qərar verdim. İndi isə yenidən "İnter"ə qayıtmağı üstün tutdum.
- Əvvəlki mövsümlərdə Georgi Lomaya ilə rəqabət aparırdınız, bundan sonra isə Orxan Sadıqlı ilə...
- Gürcü qapıçıdan çox şey öyrənmişəm. O, ölkəmizdə çıxış etmiş ən yaxşı legioner qapıçılardan biri idi. Orxan da yaxşı qapıçıdır. Bircə onu bilirəm ki, "İnter"də qapıçılarla bağlı problem olmayacaq.
