Şəhriyar Rəhimov: Kəpəz onun cavabını meydandakı oyunu ilə verdi
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri cavab oyununu (1:0, ilk oyun 0:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sevincimin həddi-hüdudu yoxdur. "Kəpəz" 16 il idi avrokuboklarda oynamırdı. Amma qayıdan kimi, ilk dəfə mərhələ adlamağa nail oldu. Uşaqlar sonadək mübarizə aparıb, qalib gəldilər. Rəqibin bütün qüvvəylə hücuma atılacağını bilirdik. Ona görə də əks-hücumlarda şansımızı axtarırdıq. İkinci hissədə belə şans əldə etdik və qalib gəldik. Adlan Şişxanovun oyundan öncə verdiyi açıqlamalara sakit yanaşırdıq. Onun cavabını meydanda, oyunumuzla vermək istəyirdik. Bunun da öhdəsindən gəldik. Növbəti mərhələdə qarşılaşcağımız "Admira"ya gəlincə, Avstriya futbolunun səviyyəsindən hər kəsin xəbəri var. Buna baxmayaraq, yenə əlimizdən gələni edəcəyik. Mərhələ adlamaq üçün sonadək mübarizə aparacağıq".
