Rəhman Hacıyev: Özümdə deyildim
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ına qarşı keçirilmiş cavab oyunundan (1:2, ilk oyun - 2:0) sonra jurnalistlərə müsahibə verməkdən boyun qaçırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bu addımının səbəbini belə izah edib:
"Növbəti mərhələyə vəsiqə qazansaq da, Malta "Baltsan"ına evdə də qalib gəlmək istəyirdik. Öz meydanımızda oynadığımıza görə azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Mən özüm də bu oyunda qol vura bilərdim, amma alınmadı. Hamımız məyus idik. Buna görə özümdə deyildim. Jurnalistlərlə də məhz bu üzdən danışa bilmədim. Sadəcə, danışmaq istəmirdim. Çətin idi. Başa düşürəm ki, bunu etməməli idim. Özümü peşəkar futbolçu kimi aparmağım lazımdır. Klub rəhbərliyi də bizə deyib ki, oyunun nəticəsindən asılı olmayaraq, mətbuata açıqlama verməliyik. Ümid edirəm ki, jurnalistlər son hərəkətimə görə məni başa düşərlər. Azarkeşlər də həmçinin. Bundan sonra belə şeylərin təkrarlanmamasına çalışacağam".
