Edson Kastilyo: Şkendiyanı da keçmək istəyirik
"Neftçi"nin yarımmüdafiəçisi Edson Kastilyo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ına qarşı keçirdikləri cavab oyunundan (1:2, ilk oyun 2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Bunu məğlubiyyət saymıram. Mərhələni biz adladıq. Düzdür, cavab oyununu uduzduq. Amma əsas odur ki, növbəti mərhələyə vəsiqə qazandıq.
- Amma mərhələ keçsəniz də, azarkeşləriniz məyus idi. Çünki meydanda komanda oyunu yox idi...
- Azarkeşlər bizdən qələbə gözləyirdilər. Bu da normaldır. Biz də bunun üçün hər şeyi etdik. Artıq bu oyun geridə qaldı. Növbəti matçları düşünməliyik. Rəqibin o dərəcədə zəif olduğunu deməzdim. Ona görə də bu komandaya məğlubiyyət gözlənilməz hesab olunmamalıdır.
- Futbolçuların da heç biri matçdan sonra sevincli görünmürdü. Sizin üçün əsas məsələ mərhələ adlamaq idisə, buna nail olmağınızı niyə bayram etmədiniz?
- Öz meydanımızda qələbəni əldən verməyimizə görə məyus olmuşduq.
- Komandada aşkar problemlər diqqət çəkir. Belə vəziyyətdə növbəti mərhələdə nəyə nail ola bilərsiniz?
- Komandamızın güclü heyəti var. Yeni futbolçular gəlib. Onlardan biri də mənəm. Uyğunlaşmaq üçün zamana ehtiyac var. Ondan sonra komandamız daha yaxşı oynayacaq.
- Vəli Qasımov matçdan sonra sizə nə dedi?
- Hər kəsin yaxşı çıxış etdiyini söylədi. Artıq növbəti oyun barədə düşünməliyik. Bizi daha çətin rəqib gözləyir. Amma Makedoniya "Şkendiya"sını da keçmək istəyirik.
