Anatoli Teslev: Kəpəzə çətin olacaq, amma şanslar bərabərdir
Moldovanın tanınmış mütəxəssislərindən olan Anatoli Teslev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevi ziyarət edib. Diniyevin Moldova “Nistru”nda çıxış edəndə komandanın baş məşqçisi olan Teslev daha sonra Azerisport.az saytına müsahibə verib:
- Şahin Diniyevlə sonuncu dəfə nə vaxt görüşmüşdünüz?
- Səhv etmirəmsə, 10 il əvvəl – 2006-cı ildə üz-üzə gəlmişdik. O zaman Dniyev Azərbaycan millisini çalışdırırdı, mən isə Moldova yığmasında işləyirdim. Hə, xatırladım, 1 il əvvəl Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə də görüşmüşdük. Şadam ki, yenidən üzə-üzə gəldik. Biləndə ki, Şahin Kişinyovdadı, onu ziyarət etmək qərarına gəldim. O, mənim futbolçum olub.
- Bu gün “Daçiya” – “Kəpəz” oyununda şansları necə dəyərləndirirsiniz?
- Ola bilər “Daçiya” cütün favoriti sayılsın. Ancaq “Kəpəz” də güclüdü. Onlar bunu ilk matçda göstərdilər. Hətta Bakıdakı qarşılaşmada qalib də gələ bilərdilər. Amma səfərdə çətin olacaq, şanslar bərabərdi.
- Danışıqlarınızdan belə çıxır ki, “Kəpəz” surpriz edə bilər.
- Əlbəttə.
- “Daçiya” avrokuboklarda həmişə mərhələ adlamağa nail olan komandadı. Sizcə, bu gün mərhələni adlamasalar bunu onlar üçün faciə saymaq olarmı?
- Düşünmürəm ki, bu, faciə sayılsın. Amma bu, “Daçiya” üçün yaxşı nəticə deyil. Çünki onlar həm Moldovada, həm də avrokuboklarda daha yaxşı çıxış etməyə can atırlar. “Daçiya” mərhələni adlaya bilməsə, bu, onların gələcək çıxışlarına da təsir edəcək.
- Diniyev “Daçiya” səddini adlamaq üçün nə edə bilər?
- Əmin ola bilərsiniz ki, Şahin futbolçu kimi meydana çıxa bilsəydi, çox şey edərdi. Çünki o, texnikalı, sürətli və yüksək səviyyəli oyunçu olub. Diniyev həm də gözəl insandı. Bu gün meydanda olsaydı, matçın taleyini həll edə bilərdi.
- Futbolçu kimi onu qiymətləndirdiniz. Bəs məşqçilik bacarığı haqqında nə deyə bilərsiniz?
- Bayaq dediyim kimi, 2006-cı ildə hər ikimiz ölkəmizin millisini çalışdıran zaman üz-üzə gəlmişdik. Oyun heç-heçə başa çatmışdı. Üzrlü sayın, mən onun məşqçi kimi işini qiymətləndirə bilməyəcəm. Çünki Şahinin komandasının oyunlarını çox görməmişəm.
- Bu gün həmyerlilərinizə, yoxsa yetirməniz Şahin Diniyevə azarkeşlik edəcəksiniz?
- Futbola azarkeşlik edəcəm. Ümumiyyətlə, həmişə texnikalı, gözəl futbolun azarkeşi olmuşam. Kimin qalib gələcəyini zaman göstərəcək.
