Vidadi Rzayev: O, qəsdən belə açıqlamalar verir ki, futbolçularını motivasiya etsin
Azərbaycan yığmasının sabiq futbolçusu Vidadi Rzayev "Kəpəz"in Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Daçiya"nın keçmiş prezidenti, indiki meneceri Adlan Şişxanovun açıqlamalarını oxumuşam. O, stadionu komandamız üçün cəhənnəmə çevirəcəklərini söyləyib. Başa düşürəm ki, "Daçiya" yaxşı komandadır, vaxtilə Azərbaycan klubunu mübarizədən kənarlaşdırıblar. "Kəpəz"ə çətin olacaq. Rəqib yəqin ki, ilk oyunla müqayisədə bu dəfə daha aqressiv oyuna üstünlük verəcək. Amma Şişxanovun açıqlamaları da çox aqressivdir. Ola bilsin ki, o, qəsdən belə söhbətləri ortaya atır ki, futbolçularını motivasiya etsin. "Daçiya"nın qələbə qazanmaq üçün əlindən gələni edəcəyinə şübhə etmirəm. Amma onun açıqlamaları bizim futbolçuları da yalnız motivasiya edə bilər. Şahin Diniyev təcrübəli məşqçidir. Mütləq bu durumdan yararlanmağa çalışacaq".
