Fariz Nəcəfov: Hücumçu ilə yanaşı, daha bir futbolçu almaq istəyirik
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bakıda 5:1 hesablı qələbə qazandığınızı nəzərə alsaq, səfər matçı öncəsi komandada arxayınlıq yoxdur?
- Baş məşqçi ilə söhbətimiz olub. Futbol çətin idman növüdür. Burada arxayınlığa yol vermək olmaz. Əlbəttə, hesab arxayın oynamağa əsas verə bilər. Amma qazanılan hər bir qələbə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edir. Ona görə də meydana yenə qələbə qazanmaq üçün çıxacağıq.
- "Samtredia"nı hətta "Rəvan"dan da zəif sayanlar var. Belə bir eyforiyanın olduğunu nəzərə alsaq, sizə elə gəlmir ki, cavab oyununda müdafiəyə daha çox diqqət etmək lazımdır?
- Bu sualı baş məşqçiyə ünvanlamaq lazımdır. O, nəyi necə etmək lazım olduğunu bilir. "Samtredia"ya Bakıda çox qol vurmağı bacardıq. Amma rəqib də hücum futbolu oynayır. Bu da o deməkdir ki, meydanda hər şey çox sürətlə dəyişə bilər. "Rəvan"la müqayisəyə gəlincə, bu komandadan fərqli olaraq, "Samtredia" Gürcüstan çempionatında ikinci olub. Rəqibimiz Tiflis "Dinamo"su, Buxarest "Dinamo"su kimi rəqiblərə böyük hesabla qalib gəlib. Onlara bir oyuna görə qiymət vermək düzgün deyil.
- "Qəbələ"nin transferləri gözlədiyinizdən də uğurlu oldu?
- Onlara da bir oyuna görə qiymət verməyin tərəfdarı deyiləm. Onların həm komandaya, həm də Qəbələyə uyğunlaşması üçün zaman lazımdır.
- Kapitan Rəşad Sadiqov indiki komandanı son mövsümdəkindən daha güclü hesab edir. Onunla razısınız?
- Bu, onun fikridir. Ötən mövsüm heyətdə futbolçu daha çox idi. Amma indi ehtiyatda çox az təcrübəyə malik futbolçular var. Bu, bizi narahat edir. Dua edirik ki, əsas heyət oyunçuları zədə almasınlar, cəzalı duruma düşməsinlər.
- Gürcüstanda yaşayan azərbaycanlıları sizə dəstək olmağa çağırmısınız?
- Gürcüstandakı səfirliyimizlə əlaqə saxlamışıq. Amma fanatlara görə yox, başqa məsələ ilə bağlı. SOCAR-dan da zəng etmişdilər və təhlükəsizliklə bağlı kömək edəcəklərini bildiriblər. "Samtredia" rəhbərliyi ilə də danışmışıq. Onlar Bakıya azarkeş gətirməmişdilər. Biz də buraya azarkeşsiz gəlmişik. Bütün bunlar təhlükəsizliyə görə edilib.
- Meydan sahiblərinin stadionda təxribat xarakterli bannerlər açmasından ehtiyatlanmırsınız?
- Kimsə nəsə edə bilər. Amma təxribat olacağını düşünmürəm.
- Komandaya yeni hücumçu cəlb olunacağı deyilir...
- 2-3 futbolçunu izləyirik. Roman Qriqorçukun qərarını gözləyirik. O, ən güclü olanı almağımızı istəyir. Hücumçu ilə yanaşı, daha bir futbolçu almağımız mümkündür.
