Ürfan Abbasov: Səfərdə əsas diqqəti müdafiəyə yönəldəcəyik
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia" klubuna qarşı keçiriləcək cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- İlk oyundakı 5:1 hesablı qələbə sizdə arxayınlıq yaratmayıb?
- Baş məşqçi bizə tapşırıb ki, ilk matçın nəticəsi heç kəsi yanıltmamalıdır. Futbolda vəziyyət istənilən vaxt dəyişə bilər. Gürcülər evdə daha yaxşı çıxış edə bilərlər. Bəlkə də Bakıda oyunları alınmayıb. Bunu nəzərə alsaq, cavab matçına ciddi yanaşmağımız vacibdir. Arxayınlıqdan söhbət də gedə bilməz. Zestafonidə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Hücum futbolu sərgiləyəcəksiniz, ya əks-hücumlara bel bağlayacaqsınız?
- Konkret bir taktika üzərində çalışdığımızı deməzdim. Ənənəvi oyunumuzu sərgiləyəcəyik. Lazım olanda hücum edəcəyik, amma müdafiəni də unutmayacağıq. Rəqib Bakıda da 4-5 qol vəziyyəti yaratdı. Onların 1-2-si 100 faizlik idi. "Samtredia" onları da qola çevirsəydi, hesab tam fərqli olacaqdı.
- Belə çıxır ki, "Qəbələ" səfərdə daha çox müdafiəyə diqqət ayıracaq?
- Razıyam. Müdafiədə səhvə yol verməməliyik.
- "Qəbələ" növbəti mərhələnin taleyinə demək olar ki, aydınlıq gətirib. Növbəti mərhələdə "Aktobe" ilə qarşılaşmaq istərdiniz, ya MTK ilə?
- Mənim üçün xüsusi fərqi yoxdur. Kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, layiqli mübarizə aparmalı və qələbə qazanmalıyıq.
- Komandanız ardıcıl ikinci il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq gücdədir?
- Bu komanda ötən mövsümdəki heyətimizdən heç də zəif deyil. Yaxşı heyətimiz var. Yenidən Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq, hətta qrupdan çıxmaq istəyirik.
- Legionerlər artıq komandaya uyğunlaşa biliblər?
- Bunu baş məşqçi daha yaxşı bilər. Hələ ki, özlərini yaxşı tərəfdən göstərə bilirlər. Əla münasibətimiz var. Komandada ideal atmosfer hökm sürür.
