Roman Qriqorçuk: Buna görə həyəcan keçirmirəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir.
- Bakıdakı 5:1 hesablı qələbədən sonra cavab matçının formal xarakter daşıdığını demək olar?
- Xeyr. Bizi sabah da çətin oyun gözləyir. Qarşıdakı oyuna ciddi hazırlaşmışıq.
- Bu gün Gürcüstanda yağış yağır. Sabah qol yağışını da görə biləcəyik?
- Çox qol vurmağı həmişə çox istəyirik. İnanıram ki, sabah da məhsuldar futbol göstərə biləcəyik.
- Yeni transferlərdən razısınız?
- Belə transferlər həyata keçirdiyimizə görə şadam. Ümid edirəm ki, onlar bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələ biləcəklər.
- Meydançanın vəziyyətinin pis olmasına münasibətiniz necədir?
- Mənə dedilər ki, dünən burada oyun keçirilib. Həmin oyun da yağış altında baş tutub. Bu da qazona təsirsiz ötüşməyib. Həmin oyuna qədər isə qazonun vəziyyəti yaxşı imiş. Hər halda meydançanın faciəvi vəziyyətdə olduğunu düşünmürəm. Ümid edirəm ki, arenanın işçiləri onu daha yaxşılaşdırmaq üçün əllərindən gələni edəcəklər.
- Teo Uiksin Dodoya layiqli əvəzləyici olduğunu demək olar?
- Bu futbolçular fərqli mövqelərdə oynayırlar. Dodo vinger mövqeyində oynayırdı. Uiks isə hücumçuların arxasında oynayır. Liderlik keyfiyyətlərinə gəlincə, hələ Teo haqda bu sözləri demək çətindir.
- Uiks Bakıdakı oyunda daha ideal mövqedə olan Daboya ötürmək etmək əvəzinə qapıya zərbə endirdi və qol vurdu. Bəs növbəti oyunlarda da eyni hal təkrarlansa, buna münasibətiniz necə olacaq?
- Mən buna görə həyəcan keçirmirəm. Təşəbbüsü öz üzərinə götürüb, qol vurursansa, buna görə heç kim sənə irad tuta bilməz. Amma Uiks həmin epizodda qol vura bilməsəydi, bunu müzakirəyə çıxarmaq olardı. Uiksin sabah da qol vurmasını istəyirəm. Nəinki ondan, Dabodan, eləcə də başqa futbolçularımızdan da qol gözləyirəm.
- Növbəti mərhələdə Qazaxıstan "Aktobe"si ilə qarşılaşmaq istəyirsiniz, ya Macarıstan MTK-sı ilə?
- Bu komandaların oyunlarını görməmişəm. Aralarında fərq qoymuram. Hər ikisi ciddi klubdur. İndi bu barədə çox danışmağa dəyməz. Biz hələlik, sabahkı oyunu düşünürük.
