Mehman Allahverdiyev: Daçiyanı keçəcəyimizə inanıram
"Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Moldova səfəri öncəsi özünüzü necə hiss edirsiniz?
- Özümü pis hiss etdiyimi deməzdim. Hər şey yaxşıdır.
- Səfərə inamlı gedirsiniz?
- Əlbəttə. İndiyə qədər heç bir oyuna bu qədər soyuqqanlı yanaşmamışam. İnanıram ki, "Daçiya"nı keçəcəyik.
- Bu inamı nə ilə izah etmək olar? "Daçiya" o qədər də güclü deyil, ya "Kəpəz" güclənib?
- "Kəpəz" indi daha güclüdür. Bakıdakı oyunda "Daçiya"nın normal komanda olduğunu gördük. Çoxlu qol vəziyyətimiz oldu. Amma ikinci hissədə bir qədər yorulduq. Oyunumuz hər kəsin xoşuna gəldi. Çünki heyətdə bu qədər dəyişiklik olandan sonra belə yaxşı oynamaq asan məsələ deyil.
- Azarkeşlərə qələbə sözü verə bilərsiniz?
- Futbolda heç kəs belə bir söz verə bilməz. Avropa çempionatında İslandiya İngiltərə kimi rəqibini mübarizədən kənarlaşdırdı. İslandiyada da toy-bayram idi. Adama ləzzət edirdi. Heç kim yatsa, yuxusunda görməzdi. Bəli, elə İslandiyanın əhalisi Gəncə boydadı. Komandamız "Daçiya"ya qalib gəlməyə qadirdi. Amma söz vermək düzgün çıxmaz.
- "Kəpəz"i avrokuboklarda baş məşçqi kimi çıxarsanız da, mərhələ keçə bilməmisiniz. Maraqlıdı, həmin komanda güclü idi, yoxsa indiki?
- Səfərdə "Sloqa Yuqomaqnat"a 0:1 uduzsaq da, evdə 2:1 hesabıyla qalib gəldik. İlk dəfə Azərbaycanda Çempionlar Liqasında qalib gəlmişik. Sadəcə, evdə buraxılan qola görə mərhələ adlaya bilmədik. O vaxt da komandamız güclü idi. Hələ "Dinaburq"la görüşləri də xatırlayıram. Evdə və səfərdə 0:1 uduzduq. Halbuki "Dinaburq"a 5:0 qalib gəlməli idik. Səfərdəki matçda heç rəqib qapımıza yaxın dura bilmirdi. Hələ səfərdəki məğlubiyyətdən sonra, uduzsaq da mükafat verdik oyunçulara. Yaxşı oyuna görə mükafat vermək olar. Biz ilk oyundan sonra mükafatı ona görə verdik ki, cavab oyununa daha yaxşı motivasiya olsun.
- "Daçiya"nın özündən razılığı "Kəpəz"i oyuna daha yaxşı motivasiya edir? Klub prezidenti də özündənrazı çıxışları ilə yadda qaldı...
- Adlan Şişxanov heç özünü prezident kimi aparmırdı. Biz öz komandamız haqda danışa bilərik. Azərbaycanda heç bir klubda prezident özünü baş məşqçi kimi aparmır. Bu günə kimi Şahin Diniyevin işinə qarışmamışıq. "Daçiya" feyr-pleyə riayət etmirdi, topu çölə atmırdı. Ancaq qol vurmaq istəyirdilər. Onların o hərəkətlərinə cavab verməkdən öncə, elə biz Azərbaycanın, Gəncənin adına uğurlu çıxış etmək istəyirik. "Kəpəz"in mərhələ keçməsini istəyirik.
- Şişxanovun özünü prezident kimi aparmadığını deyirsiz. Ancaq o vaxt siz də özünü baş məşqçi deyil, klub prezidenti kimi aparırdınız...
- O vaxt "Kəpəz"in yükü çox ağır idi, komandaya dəstək olan, kömək edən olmurdu. Komandaya baxmaq elə-belə iş deyildi. Mən öz şəxsi vəsaitimlə edirdim. Hansı baş məşqçi bunu edərdi? Nəticələrə görə götürəndə, "Kəpəz"də Mehman Allahverdiyevin əməyi danılmazdı.
- Hazırda isə komandaya AFFA maliyyə dəstəyi verir...
- İndi əvvəlki vəziyyət deyil. Əvvəl futbolçular 50-100 dollara futbol oynayırdılar. Əvvəl ən yüksək alan "Neftçi" idi, o da futbolçular 10 min alırdılar. Əvvəllki ilə müqayisədə indi məvaciblər çoxdu.
- İlk oyunlarında qalib gələn "Qəbələ" və "Neftçi"yə həsəd aparmırsınız ki?
- Yəqin ki, idman paxıllığını nəzərdə tutursuz. Amma biz "Qəbələ" və "Neftçi"nin qalib gələrək, artıq cütün taleyini ilk oyunda həll etməsinə sevindik.
