Ramin Musayev: Ayda 1100 manat qazanıram
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev üçüncü dəfə bu qurumun rəhbəri seçildikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Səkkiz ildir PFL-ə rəhbərlik edirəm. Hamınız bu müddətdə hansı işlərin görüldüyündən xəbərdarsınız. Çempionatımızın UEFA reytinqində 24-cü olması bizi sevindirir. PFL-ə qədər həmin siyahıda 44-cü idik. Bu illər ərzində Avropada ən çox irəliləyişə nail olan bizik. UEFA-dan gələn məktub da bunu təsdiqləyir. Dünya reytinqində 110-cu olsaq da, indi 38-ciyik".
"Geridə qalan illər ərzində elita klublarının əvəzedici komandaları arasında çempionat keçiririk. Bu, klublara rotasiya imkanı qazandırır. Bütün komandalar eyni toplarla oynayır. Halbuki, əvvəllər hər komandanın öz topları olurdu, futbolçular narazı qalırdılar. Bunların hamısını görmüşəm. Deyirlər ki, biz topları klublara satıb, pul qazanırıq. Amma bu, düz deyil".
"Seçkilərdə səkkiz klubun hamısı mənə səs verdi. Əleyhimə səs verən olmadı. İndiyə qədər heç bir klubun zəngini, müraciətini cavabsız qoymamışam. İstənilən narazılıqlarını dinləmişəm".
Musayev PFL prezidenti postundakı qazancını da açıqlayıb: "Ayda 1100 manat maaş alıram".
