Rövnəq Abdullayev: Başqa namizəd gözləsək də, heç kim PFL prezidenti olmaq istəmədi
AFFA prezidenti Rövnəq Abdullayev Ramin Musayevin növbəti dəfə Peşəkar Futbol Liqasına prezident seçilməsindən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"PFL prezidentliyinə seçki baş tutdu. PFL-in son 4 ildəki işinə qiymət verildi, daha sonra Ramin Musayev yenidən prezident seçildi. Onu təbrik edirəm. Musayevdən başqa namizədliyini verən olmamışdı. Başqa namizəd olacağını gözləyirdik, amma heç kim istəmədi. Çətin də olsa, çempionatın səviyyəsini qaldıra bildik. Ədalətli çempionat keçirildi. Bu, çox vacibdir".
"Hakimlik də maksimum ədalətlidir. Bu yöndə də səviyyəni qaldırmaq üçün işlər görülür. Hər il iki dəfə toplanışa yollanırlar. PFL-ə öz məsləhətlərimi də verdim".
AFFA prezidenti Xaqani Məmmədovun Hakimlər Komitəsindəki vəzifəsində əvəzlənməsinə dair suala isə belə cavab verib: "Sizin başqa namizədiniz var? Göstərin, biz də on Hakimlər Komitəsinə sədr seçək. Məmmədovun günahı varsa, onu cəzalandıraq. Hakim səhvləri hətta AÇ-2016-da da var. Axı hakim səhvə yol verirsə, bunun günahı Xaqanidə deyil. Əsas odur ki, qərəz yoxdur".
"Hakimlərin Bolqarıstanda toplanışı olacaq. Qışda hakimlərin Antalyaya getməməsinə gəlincə, vaxt klublar da oraya getmədi. Klublar olmayandan sonra kimin oyununu idarə edəcəkdilər?"
Premyer Liqanın 8 klubla keçirilməsindən danışan Abdullayev onların sayının artacağını vəd edib: "Biz birinci divizionu gücləndiririk. Dörd klub elitaya lisenziya qazana bilər. Amma onlardan ikisinin, yoxsa dördünün çempionata buraxılacağına zamanı gələndə qərar veriləcək".
AFFA prezidenti yeni dövlət proqramından da danışıb: "Yeni proqram artıq hazırlanıb. 2020-ci ilə qədər dövrü əhatə edir. İlin sonuna kimi hər şey hazır olacaq".
Abdullayev klublarımızın avrokuboklardakı çıxışına da toxunub: "Klublarımızı avrokuboklardakı uğurlu oyunlar münasibətilə təbrik edirəm. Onları növbəti oyunlarda da dəstəkləmək lazımdır".
