Şəhriyar Əliyev: Daçiyanın asan rəqib olduğunu deməzdim
"Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacaqları Moldova "Daçiya"sı ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Daçiya"nın asan rəqib olduğunu deməzdim. Rəqib barədə məlumat var, amma elə də çox deyil. Çempionatdakı nəticələrini bilirəm. Az qol buraxıblar. İstənilən halda Avropa Liqasında zəif komanda olmur. Bakıda baş tutacaq ilk oyunda yaxşı nəticə qazanmağa çalışacağıq. UEFA-nın matçın iki gün tez, iyunun 28-də keçirilməsinə dair qərarına gəlincə, ola bilsin ki, bu, bizim üçün mənfi haldır. Çünki vətənə yenicə dönmüşük. Uyğunlaşmaq baxımından bir qədər çətin olacaq. Ümid edirəm ki, matça qədər tam hazır olacağıq.
Türkiyə toplanışı çox yaxşı keçdi. Fikrimcə, komandamız Ərzurumda yaxşı hazırlaşa bildi. İki yoxlama oyunu keçirdik. Nə dərəcədə uğurlu oynadığımızı baş məşqçi Şahin Diniyev deyə bilər".
