Samir Ələkbərov: Bütün klublarımız mərhələ keçməyə borcludur
Azərbaycan yığmasının sabiq hücumçusu Samir Ələkbərov ölkə futbolunun indiki durumu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublarımızın avrokuboklardakı işinin asan olacağını düşünmürəm. Hətta "Qarabağ"ın asanlıqla keçəcəyi iddia olunan Lüksemburq "Düdelanj"ının da avrokuboklarda təcrübəsi var. Mən hələ "Kəpəz"lə "Qəbələ"nin rəqibini demirəm. Gürcüstan və Moldova klubları sonadək mübarizə aparmağı sevirlər. Bütün klublarımız mərhələ keçməyə borcludular, amma hansısa keçməyə də bilər.
Təəssüf ki, ölkə çempionatı da 8 klubla keçiriləcək. Ümid edirəm ki, bu, Azərbaycan futboluna mənfi təsir göstərməyəcək. Əvvəllər çatışmazlıqları pulla aradan qaldırırdıq. Amma indi o da yoxdur. Çempionatımızda cəmi 8 klubun mübarizə aparmasının legionerləri Azərbaycana gəlməkdən imtina etməyə sövq edəcəyini düşünmürəm. Amma klublarımız istənilən halda yerli futbolçulara daha çox üstünlük verməlidirlər".
