Düdelanjın futbolçusu: Bizi Qarabağla çox çətin oyun gözləyir
Lüksemburqun "Düdelanj" klubunun yarımmüdafiəçisi Sofian Benzuen UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olmalarını şərh edib. Azerisport.az xəbər verir ki, o, ölkə mətbuatına açıqlamasında bunları söyləyib:
"Bu rəqib barəsində kifayət qədər məlumatım var. Oyunlarını görmüşəm. Bəxtimizin gətirib-gətirmədiyini deyə bilmərəm. Bircə onu bilirəm ki, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Vaxtilə Belçika "Anderlext"inin oyunçusu olduğum üçün bu komandanın bütün oyunlarını izləməyə çalışıram. "Qarabağ"ın oyununu da həmin vaxt görmüşəm. Bu iki klub Avropa Liqasının qrup mərhələsində qarşılaşmışdı. "Qarabağ" ev oyununda hətta "Anderlext"ə qalib gəlmişdi. "Qarabağ"ın göstərdiyi oyuna təəccüblənmişdim. Bütün futbolçuları güclü, texnikalıdır. Bunu nəzərə alıb deyə bilərəm ki, bizi çox çətin oyunlar gözləyir. Amma meydana məğlub olmaq üçün çıxmayacağıq. Qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, "Qarabağ"a müqavimət göstərə biləcəyik. Yalnız uğurlu nəticəyə ümid edirik".
