İsgəndər Cavadov: Artıq klublarımız qrup mərhələsində sabit çıxış etməlidir
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun azerisport.az saytına müsahibəsi
- Avrokuboklarda püşkatmanı klublarımız üçün necə qiymətləndirərdiniz?
- Klublarımız üçün uğurlu püşkatma oldu. Onların hamısı avrokuboklara yaxşı formada yanaşsalar, növbəti mərhələyə vəsiqə qazana bilərlər. Hamısına uğur arzulayıram.
- Hələ tarixdə bizim üçün belə uğurlu püşk olmamışdı...
- Bu, UEFA-nın hədiyyəsidir (gülür). Amma bundan yararlanmaq lazımdır. Hansısa klubumuz mərhələ adlamasa, biabırçılıq sayıla bilərmi? Belə deməzdim, amma ölkə futbolu üçün mənfi hal olacaq. Rəqiblərimiz uduzulası komandalar deyil. Bunları da keçə bilməyəndən sonra daha hansı rəqiblərlə qarşılaşmalıyıq ki? Ümumiyyətlə, ilk mərhələni adlaya bilməyən komanda daha niyə futbol oynayır ki?
- Demək olar ki, "Qarabağ" üçün Lüksemburq "Düdelanj"ı heç bir təhlükə yaratmır?
- Şübhəsiz ki, Ağdam klubu lüksemburqluları gözübağlı keçməlidir. Bu iki komanda arasında səviyyə fərqi müqayisə belə oluna bilməz.
- Qurban Qurbanov isə həmişəki kimi, bu komanda barəsində də ehtiyatlı danışıb...
- Bu, baş məşqçi üçün normaldır. O, yetirmələrinin arxayınlaşmasını istəmir.
- "Kəpəz"in qarşılaşacağı Moldova "Daçiya"sı isə yəqin ki, klublarımızın rəqibləri arasında ən çətinidir...
- Çox istərdim ki, Gəncə klubunun uzun fasilədən sonra avrokuboklara qayıdışı uğurlu olsun. Düzdü, onların avrokubok təcrübəsi azdır. Yeganə mənfi hal budur.
- Bəs "Neftçi"?
- Malta "Baltsan"ı bu komanda üçün hədiyyədir. Bu, avrokuboklara uğurlu başlamaq üçün şansdır. "Neftçi" yeni mövsümdə avrokuboklarda özünü göstərməlidir. Asan olmayacaq. Çünki heyətdə xeyli dəyişiklik var. Amma klublarımız avrokuboklarda nə qədər yaxşı nəticəyə imza atsalar, bir o qədər yaxşıdır.
- "Qəbələ" ötən mövsüm olduğu kimi, yenə mübarizəyə Gürcüstanda start verəcək. Sizə elə gəlmir ki, bu il büdcəsi də azaldılan "Qəbələ"yə daha çətin olacaq?
- Maliyyə çətinliklərini avrokuboklar zamanı bir kənara qoymaq lazımdır. Bunu futbolçulara da başa salmaq lazımdır. Gənc futbolçularımız isə ümumiyyətlə pul haqda düşünməməlidir. Hər bir avromövsüm onlar üçün özlərini daha güclü klublara göstərmək baxımından bir şansdır. "Qəbələ" də "Samtredia" ilə görüşdə uğur qazanmağa borcludur. Onlar həm də ötənilki uğurun təsadüfi olmadığını isbatlamalıdırlar. Klublarımız artıq avrokubokların qrup mərhələsində sabit çıxış etməlidirlər.
