Qəbələ, Neftçi və Kəpəzin rəqibləri bəlli oldu
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının ilk iki təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycanı yeni mövsümdə Avroliqada təmsil edəcək komandaların da rəqibləri bəlli olub.
Söhbət "Qəbələ", "Neftçi" və "Kəpəz"dən gedir. Bütün təmsilçilərimiz mübarizəyə ilk təsnifat mərhələsindən başlayacaq.
"Neftçi"nin potensial rəqibləri bunlar idi: "Baltsan" (Malta), "Çixura" (Gürcüstan), "Spartak" (Slovakiya), "Svoboda" (Bosniya-Herseqovina), "Rudar" (Çernoqoriya).
Təmsilçimiz püşkatma nəticəsində Malta "Baltsan"ı ilə düşüb.
"Qəbələ"nin potensial rəqibləri bunlar idi: "Qoritsa" (Sloveniya), "Radnik" (Bosniya-Herseqovina), "Samtrediya" (Gürcüstan), "La Florita" (San Marino), "Sileks" (Makedoniya).
Bölgə klubu Gürcüstan "Samtrediya"sı ilə qarşılaşacaq.
Səpələnməmişlər səbətində yer alan "Kəpəz"in potensial rəqibləri isə bunlar idi: "Daçiya" (Moldova), "Aktobe" (Qazaxıstan), "Zaqlembe" (Polşa), "Slovan" (Slovakiya).
Şahin Diniyevin çalışdırdığı komandanı da Moldova "Daçiya"sı ilə görüş gözləyir.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin oyunları iyunun 30-da və iyulun 7-də keçiriləcək.
