Fərrux İsmayılov: İndi Azərbaycan futbolu heç kimə maraqlı deyil
Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılovun azerisport.az saytına müsahibəsi
- Növbəti mövsümdə Premyer Liqa 8 klubla keçiriləcək. Sizin buna münasibətiniz necədir?
- Bu barədə oxumuşam. Mənə elə gəlir ki, yaxın gələcəkdə Azərbaycan futbolundan yaxşı futbolçuların çıxmasına ümid bəsləməyə dəyməz. İstəməzdim ki, çempionat 8 klubla keçirilsin. 9 milyondan çox əhalimiz var. Bu ölkədə klub sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. İmkanlar da var. Bütün regionları böyük futbola cəlb etmək lazımdır.
- Çempionatda oyun sayı da az olacaq. Sizcə də, əlavə turnir və ya liqa kuboku keçirməyə ehtiyac var?
- Əlbəttə, əlavə turnir də keçirmək olar. Amma çempionatda komanda sayını artırmaq daha yaxşı olardı.
- Siz regionlarda klub sayının artırılmasını arzulayırsınız. Amma ildən-ilə onların sayı azalır...
- Region təmsilçiləri çox olsa, azarkeş marağı da artar. Amma hazırda elə vəziyyət yaranıb ki, Azərbaycan futbolu heç kimə maraqlı gəlmir. Azarkeş sayı da çox azdı. Sıravi insanlar cəmi 1-2 klubun adını tanıyırlar.
- "Xəzər Lənkəran"ın böyük futboldan çəkilməsini necə qarşıladınız?
- "Xəzər Lənkəran" Azərbaycan futbolunun çırağı idi və onu söndürdülər. "Bakı" kimi, onu da itiririk. Azarkeşlər məhz belə hallara görə futboldan küsüblər. Adi insanlar az qala hər gün mənə belə sözlər deyirlər. Bu cür klubların dağılması, böyük futboldan getməsi çox üzücüdür.
- Qarşıdakı avrokubok mövsümündə Azərbaycanı "Qarabağ", "Qəbələ", "Kəpəz" və "Neftçi" təmsil edəcək. Şansları necə qiymətləndirirsiniz?
- Düzünü desəm, mən təkcə "Qarabağ"a güvənirəm.
- Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər?
- "Qarabağ"ın bu mövsüm asanlıqla çempion olduğunu deməzdim. Futbolçular əziyyət çəkdilər və bunun qarşılığını gördülər. Amma "Qarabağ"a da heyətini gücləndirmək lazımdır. Bizə isə komandamızı ÇL-də dəstəkləmək qalır.
- Bəs qalan üç təmsilçimizdən nə gözləyirsiniz?
- Onların haqqında bir söz deyə bilmərəm. Kimi alırlar, onlar hansı formadadırlar, bunu bilmirəm. Hər şeyi zaman göstərəcək.
- Millimiz Avstriya toplanışında Andorra, Makedoniya kimi yığmalara qalib gələ bilmədi. Bu komanda AÇ-də oynayan Almaniya, Çexiya və Şimali İrlandiya ilə görüşlərdə nəyə nail ola bilər?
- Millinin oyunları ilə maraqlanırdım. Matçların fraqmentlərinə də baxmışam. Allah özü yığmamıza kömək olsun. Başqa deyiləsi bir şey yoxdur.
